“Biz burda şərab içirik, Məşədibad isə çay içir, demək, Məşədi əsl müsəlmandır”. Bu sözlər müsəlmanların qida rasionunun fərqi ilə bağlı ilk eşitdiklərimdən biridir. İllər keçib və Azərbaycanda qida rasionu, eləcə də, adətlər dəyişib. Elə götürək çayı, səhər pürrəngi çay içənlərin yerinə tünd qəhvəni seçənlərin sayı ilbəil artır, bunu kofe klublarının çoxalan kəmiyyəti də göstərir.
Oxu.Az olaraq, çay və kofe qoxusuna “Passaj” bazarında keçirilən Çay və Kofe Sərgisinə getdik, etiraf edək ki, çay qaldı bir tərəfə, elə biz də kofeyə qurşandıq, çünki çayçılar passiv şəkildə sanki şəkil üçün dayanmışdılar.

Sərgidə Türkiyə, Yaponiya, Kolumbiya səfirlikləri daha maraqlı stendlərlə iştirak etsələr də, digərləri, demək olar ki, məhsul tanıtımına önəm verirdilər.
Kolumbiyanın Azərbaycandakı Səfirliyinin milli geyimli xanımları ilə yanaşı, kofe dəmləmə mərasimi çox unikal idi. Kolumbiya kofesini kollab şüşə kimi bir qaba töküb isti suyu onun üzərindən yavaş yavaş axıdırdılar. Məlum oldu ki, 30 qram kofeyə 450 qram su tökülür. Əvvəlcə 30-35 saniyə su tökülür, sonra beş dəqiqə dəmlənməyini gözləyirlər, daha sonra suyun qalan hissəsini əlavə edirlər. Nəticədə, yaranan dad və gözəl ətir, doğrudan da, əladır.


Kolumbiyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Şəfa Qocayevanın sözlərinə görə, dünyada iki cür kofe var: arabik və xammal kimi tanıdığımız türk kofesi. Türk kofesi daha tünd və daha acı olduğu üçün onu hər kəs içə bilmir. Arabik kofesi dediyimiz Kolumbiya kofesidir ki, onu dənə-dənə əllə yığırlar və təmizlənməsi də texnoloji üsulla aparılmadığından tam bir əl əməyinin məhsuludur.
“Dünyanın yarıdan çoxunu kofe ilə Kolumbiya təmin edir, Azərbaycana gələn kofenin həcmi də getdikcə artır. Lobya formasında bura gətirilir və Azərbaycandakı bir neçə şirkətdə üyüdülür, qovrulur”.
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi isə iştirakçıları çox orijinal salep içkisinə və türk qəhvəsinə qonaq edirdilər. Salepin tərkibi qatılaşmış süd və xüsusi ədviyyatlardan ibarətdir və fotoqrafımız Ramil Zeynalovun içib-içib doymadığı bir içki oldu. Doğrudan da, çox qeyri-adi gözəl tama malikdir və sağlıqlı içkidir. Deyilənə görə, bu içkini əvvəllər türklər daha çox hazırlayırmış, indi isə xüsusi əlamətdar günlərdə böyük samovarlarda təqdim edilir. Türk qəhvəsi isə acı olduğu qədər, insanı oyadır, desək, səhv etmərik.

Yaponiyadan danışanda çayın üstünlükləri, tibbi cəhətdən xeyri haqqında düşünmək olar. Onların stendi də elə yaşıl çay və təbii meyvələrdən hazırlanmış şirniyyatlarla zəngin idi. Stendin əməkdaşları dedilər ki, azərbaycanlılar arasında yapon yaşıl çayına xüsusi maraq var və alıcıların sayı ilbəil artır.

Azərbaycanı təmsil edən “Azərçay” isə qırmızı milli geyimli qızları ilə göz oxşayırdı. Stendə xidmət edənlərin passivliyi sayəsində düzdükləri armudu stəkanları isə tər-təmiz qaldı.

Hərlənib-fırlanıb kofe sevən Galnar Qarayeva ilə danışdıq. Deyir ki, səhəri kofe ilə açır. Niyə çay yox, kofe? Ona görə ki, kofenin acı dadı ona psixoloji cəhətdən müsbət təsir bağışlayır, üstəlik, səhər-səhər iş ahəngi yaradır, beyni çalışdırır, iş qabiliyyətini artırır. Amma söhbət təmiz kofedən gedir, çünki toz şəklində olan və suda həll olunmaq üçün nəzərdə tutulan kofelər sünidir və onların insana daha çox ziyanı var. Azərbaycanda ən çox sevilən kofe isə “Cappuccino”dur.


Kofeyə yenidən vurulduq deyə bilərik, buna görə də kofe maşınlarının qiyməti ilə maraqlandıq. Deməli, evə gəlməmiş, hələ yoldaikən könlünüzə kofe düşübsə, uzaqdan idarəetməyə malik ağıllı kofe aparatlarına start verirsiniz, siz gəlib çatanadək kofeniz stəkanda hazır vəziyyətdə sizi gözləyir. Üstəlik, südü və şəkəri ilə bağlı seçimləriniz də boldur, özünü təmizləmə mexanizminə malikdir. Qiymətinə gəlincə, 3 min 700 manatdır.


“Baku Coffee Company” şirkətinin təmsilçisi Rüfət Mikayılzadə deyir ki, kofe mədəniyyətini Azərbaycana gətirmək istəyirlər.
“Avropada səhər kofedən başlayır, Asiyada isə daha çox çay içilir. Azərbaycan Avropa ilə Asiyanın ortasında yerləşir. Deməli, çayın öz sevənləri var, kofenin öz sevənləri. Gündə bir dəfə kofe içmək insana xeyirdir.


Maraqlıdır: səhər tezdən içilən qəhvə narahatlıq və stressi aradan qaldırır, düşünmə qabiliyyətini gücləndirir, diqqəti artırır, əhvalı yaxşılaşdırır. Bir fincan qəhvənin tərkibində su, protein, şəkər, alkoloidlər və kafein var.
Çayın təsiri isə onun dəmlənmə müddətinə bağlıdır. Çay yarpaqlarında da tez sovrulan kofein mövcuddur. Əgər çay iki dəqiqə dəmlənirsə, tonuslayıcı təsir göstərir. Beş dəqiqədən daha artıq dəmlənən çay isə sakitləşdirici təsir göstərə bilər.




İlhamə Abdullayeva
FOTO: Ramil Zeynalov