“Bağlanan bankların əmanətçilərinə indiyə qədər 144 milyon manata yaxın vəsait ödəmişik. Amma hələ də bəzi əmanətçilər gəlib öz pullarını geri almırlar. 3 bank üzrə 4 milyon manata qədər belə vəsait əmanətçilərini gözləyir”.
Bu barədə Oxu.Az-a Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov açıqlama verərkən bildirib:
“Fond bütün vəsaitləri artıq agent bankların hesabına ödəyib. Problem bizlik deyil. Bir il ərzində əmanətçilər pullarını mütləq almalıdırlar”.
Azad Cavadovun sözlərinə görə, ƏSF sığota hadisəsi baş vermiş kommersiya banklarının vəsaitləri qorunan əmanətçilərinə indiyədək toplam 143,823 mln. manat kompensasiya ödəyib. “Texnikabank”ın qorunan əmanətçilərinə 118,916 mln. manat, “Bank of Azerbaijan”ın əmanətçilərinə 24,036 mln. manat, “Gəncəbank”ın əmanətçilərinə isə indiyədək 871 min manat ödənilib.
Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Bağlanan bu bankların qorunan əmanətçilərinə 100% həcmində (30 min manatadək) kompensasiya ödənilir.
A.Cavadov bildirib ki, hazırda fondun 21 milyon manat vəsaiti var:
“Hansısa bankda sığorta hadisəsi baş verərsə, bu puldan istifadə oluna bilər. Daha çox vəsaitə ehtiyac olsa, əlaqədar dövlət qurumlarından borc ala bilərik”.