Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr ilə görüşüb.
Oxu.Az xəbər verir ki, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan görüşdə Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, enerji, sənaye, süni intellekt, rəqəmsallaşma, kritik minerallar, mədənçilik və digər istiqamətlər üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Fikir mübadiləsi zamanı regional bağlantıların gücləndirilməsinin iqtisadi aktivliyin artırılması baxımından mühüm rolu qeyd edilib. Azərbaycanın Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq regionlarını birləşdirən etibarlı platforma kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıq potensialı diqqətə çatdırılıb.
Tərəflər iqtisadi əməkdaşlığın şaxələndirilməsinin, innovativ texnologiyaların tətbiqinin və özəl sektor arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, qarşılıqlı maraq doğuran sahələrdə birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.