Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) qərarı ilə 12 kredit ittifaqının lisenziyasının ləğv olunmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Report”a AKİA-nın İdarə Heyətinin sədri Cəlil Süleymanov açıqlama verib.
Onun sözlərinə görə, lisenziyadan məhrum edilmiş maliyyə qurumlarının bir hissəsi rəhbərlik etdiyi qurumun üzvü olsa da, onların fəaliyyəti faktiki olaraq yox dərəcəsində olub:
“Həmin kredit ittifaqları demək olar ki, işləmirdi. Buna görə də, nə MBNP-yə hesabat verirdilər, nə də kənar audit həyata keçirirdilər. Bu baxımdan onların lisenziyasının ləğv edilməsinə normal baxıram və bazarın təmizlənməsi kimi qiymətləndirirəm”.
C.Süleymanov gələcəkdə də bir sıra kredit ittifaqlarına verilmiş lisenziyaların ləğvini istisna etmir: “Hazırda ölkədə təxminən 100 kredit ittifaqı var. Amma bunların heç də hamısı günün tələbinə uyğun fəaliyyət göstərmir.
Bunların arasında bizim üzvlərimiz də var. Yəqin ki, gec-tez həmin kredit təşkilatları bazarı məcburi şəkildə tərk etməli olacaq”.
Xatırladaq ki, lisenziyası ləğv olunan “Arzu”, “Azəriinvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Həkəri”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı” kredit ittifaqlarıdır.
14:52
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən, “Arzu Kredit İttifaqı”, “Azəriinvest Kredit İttifaqı”, “Cənub Kredit İttifaqı”, “Ceyhun Kredit İttifaqı”, “Compass Kredit İttifaqı”, “F.A.S. Kredit İttifaqı”, “Həkəri Kredit İttifaqı”, “Kredo-İnvest Kredit İttifaqı”, “Real Kredit İttifaqı”, “Tərəkəmə Kredit İttifaqı”, “Tural Kredit İttifaqı” və “Yardımlı Kredit İttifaqı”nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Oxu.Az-a Palatadan verilən məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olmuşdur.
Palata, “Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir.
Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.
U.A.
www.oxu.az