Pensiyaların maliyyələşdirilməsində digər bankların cəlb olunması düşünülmür.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərin sualına cavab olaraq bildirib.
Onun sözlərinə görə, Satınalmalar Haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq, keçirilən tender vasitəsilə qalib olmuş banklar (Beynəlxalq Bank və Kapital Bank) pensiyaların maliyyələşdirilməsində öhdəliklərini yerinə yetirə bilməzlərsə, bu halda bu banklarla imzalanmış müqaviləyə yenidən baxıla bilər:
“Həmin müqavilələrin özünün müddəti var, əgər müqavilələrin icrası gedişində hər hansı bir icraçı tərəfin öz öhdəliyini yerinə yetirməmək halı olarsa, o zaman müqaviləyə yenidən baxıla bilər. Bugünkü vəziyyətdə onlar vəzifələrini kifayət qədər yüksək səviyyədə icra edirlər” - deyə, fond sədri bildirib.
Elman Mehdiyev qeyd edir ki, banklar bu məsələyə sosial layihə kimi yanaşırlar. Bizim istənilən tələbimizi də çox yüksək səviyyədə qarşılayırlar və bu proses bu gün də davam edir:
“Əksinə, biz banklar qarşısında pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi öhdəliyini qoymuşuq. Başa düşürəm, bu, banklar üçün də əlavə bir öhdəlikdir. Çünki onlar da öz qrafiklərini bizə görə dəyişirlər”.
Fond sədri bildirib ki, pensiyalar vaxtından əvvəl maliyyələşdirilib:
“Artıq biz may ayının pensiyalarının maliyyələşdirilməsinə qrafikdən öncə, mayın 1-dən start verəcəyik. Müvafiq banklarla da DSMF-nın danışıqları olub. Həm maliyyələşmədə, həm də nağd pul vəsaitləri ilə təminatda heç bir problem olmayacaq”.
Ülviyyə R. Əli
www.oxu.az