2015-ci ilin 1-ci yarısında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 242,4 milyon manat sığorta haqqı toplanıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 14,3% çoxdur.
“Yarım il ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 92,1 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 40,8% çoxdur.
Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-iyun aylarında 30,9 manat olub”-deyə, ASA qeyd edib.
ASA-nın məlumatına görə, analoji dövrdə sığorta bazarının 63%-i könüllü formalaşıb:
“2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının 63,3%-i və ya 153,3 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 8,2% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 89,1 milyon manat və ya bazarın 35,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 26,7% böyüyüb.
Yarım ildə ümumi ödənişin 77,7%-i və ya 71,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 55,7% artıb”.
Bundan əlavə, Assosiasiya bildirib ki, icbari sığorta növləri üzrə ödəniş ümumi bazarın 22,3%-ni təşkil edib:
“İcbari sığorta növləri üzrə ödəniş isə 20,5 milyon manat və ya ümumi bazarın 22,3%-ni təşkil edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 5,7% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 46,7 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 27,6 manatdan 23 manata düşüb”.
Ülviyyə R. Əli
www.oxu.az