2017-ci ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 1,3% üstələyərək 2,6 milyard manata bərabər olub.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, istehlakçılara 1,3 milyard manatlıq və ya 2016-cı ilin yanvar ayına nisbətən real ifadədə 0,8% çox ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1,7% çox qeyri-ərzaq məhsulları satılıb.
| Məhsul qruplarının adları | Satışdan gəlir, milyon manatla | 2016-cı ilin yanvar ayına nisbətən, faizlə |
| Pərakəndə ticarət dövriyyəsi | 2 575,7 | 101,3 |
| o cümlədən: | ||
| ərzaq məhsulları, içkilər və tütün məmulatları | 1 298,2 | 100,8 |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 450,9 | 102,1 |
| elektrik malları və mebel | 162,5 | 101,2 |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 19,4 | 101,7 |
| əczaçılıq və tibbi mallar | 36,8 | 101,9 |
| avtomobil yanacağı | 131,1 | 99,8 |
| digər qeyri-ərzaq məhsulları | 476,8 | 102 |
Hesabat ayında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
Hesabat ayında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,5% toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebelin, 5,1%-i avtomobil yanacağının, 1,4%-i əczaçılıq və tibbi malların, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2017-ci ilin yanvar ayında istehlak məhsullarının 12%-i hüquqi şəxs statuslu müəssisələr, 54,1%-i fərdi sahibkarlar tərəfindən, 33,9%-i isə bazar və yarmarkalarda satılıb.
Hesabat ayında əhalinin bir nəfərinə düşən orta pərakəndə ticarət dövriyyəsi 265,7 manat və ya 2016-cı ilin müvafiq göstəricisindən nominal ifadədə 31,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla 133,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 131,8 manatlıq qeyri-ərzaq məhsulları alıb.
U.A.
www.oxu.az