“Azərişıq” ASC 2019-cu ilin tədbirlər planı əsasında regionlarda yenidənqurma və əsaslı təmir-tikinti işlərinə start verib.
Bu barədə Oxu.Az-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin İnzibati ərazilərindən Beyləqan rayonu ərazisinə avadanlıqlar yola salınıb:
“Mütəmadi olaraq on gündən bir bütün rayon, kənd və qəsəbələrə avadanlıqların göndərilməsi təmin ediləcək. 2018-ci ildə 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb və şəbəkələr sıfırdan qurulub. Elektrik istehlakçılarının sayğaclarına qədər gedən elektrik verilişi xətləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlarla əvəzlənib.
Bu gün, gördüyünüz kimi, dəmir-beton dayaqlar, elektrik verilişi üçün kabel xətləri birbaşa Beyləqan rayonuna yola salındı. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. Beyləqan rayonu ərazisində “Beyləqan-1” 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərazində bütün regionlarda həyata keçiriləcək”.
Könül Cəfərli