Son fevral ayı üzrə müşahidələr göstərir ki, ilkin yaşayış mənzil bazarında satışa təklif olunan “pod moyak” yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti ABŞ dolları ilə ifadədə 661 $/кv.m-dən 13,7% artaraq 752 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1025 AZN/кv.m-dən artaraq 1166 AZN/кv.m bəndində qərarlaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə “MBA Group” konsaltinq şirkətinin fevral ayı üzrə açıqladığı hesabatında bildirilib.
“Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 800 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 60.7%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 561 $/kv.m-dir.
Ümumi təklif portfelinin 33%-ni 800-1200 $/kv.m qiymət diapazonu arasında yerləşən mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 950 $/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 1200 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 6,3% təşkil edir. Bahalı növ mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 1567 $/kv.m təşkil edib”, - deyə şirkətin hesbatında bildirilib.
Hesabata görə, ilkin mənzil bazarında təklifin həcmi fevralda 116% artıb:
“2016-cı ilin fevral ayında mənzil alqı-satqılarının sayında ötən aya nisbətən canlanma müşahidə edilib ki, buda öz növbəsində təklif portfelinin artmasına gətirib çıxardıb. Ümumilikdə ilkin mənzil bazarında təklif həcmi 116% artıb.
Son yanvar ayında ümumi təkliflərin sayı 294 olduğu halda, bu rəqəm fevral ayında 636 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -18,4% azalıb. Son bir il ərzində bazara satış üçün təklif edilən ilkin yaşayış mənzillərinin maksimal həcmi 2015-ci ilin fevral ayında qeydə alınıb”.
Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Yasamal rayonu aparıcı mövqe tutub:
“Hesabat ayı üzrə təklif portfelində satışa çıxarılan “pod moyak” mənzillərin sayında Yasamal rayonu aparıcı mövqe tutur, şəhər üzrə olan ümumi təklif portfelinin 20,1% təşkil edir. Növbəti böyük paya malik olan rayonlar isə Nəsimi və Xətai rayonlarıdır ki, hər biri ümumi təklif portfelinin 17,5%-ni təşkil edir. Təklif üzrə ən az paya sahib olan rayonlar isə Xəzər və Qaradağ rayonları qeydə alınıb”.
Şirkətdən bildirilib ki, ötən ay üzrə ilkin mənzil bazarında bütün növ mənzillərin orta təklif qiymətində artım olub:
“Ötən ay ərzində ilkin mənzil bazarında bütün növ otaqlı mənzillərin orta təklif qiymətində artım müşahidə edilib. Birotaqlı mənzillərin orta təklif qiyməti ay ərzində 10,4% artaraq 682 $, ikiotaqlı mənzillərin orta təklif qiyməti 10,6% artaraq 754 $, üçotaqlı mənzillərin orta təklif qiyməti isə 9,1% artaraq 741 $ təşkil edib.
Son ayda otaqlar üzrə qiymətlərin bu həddə artmasına səbəb kimi, əmlak bazarındakı passivliyin aktivlik ilə əvəz olunması ilə yanaşı, bazarda təklif olunan ucuz mənzillərin satılaraq satışdan çıxarılmasını göstərmək olar”.
Ötən ay təklif olunan ən bahalı mənzil Nəsimi rayonunda qeydə alınıb:
“İlkin yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Nəsimi rayonunda, “Cavanşir” körpüsünün yaxınlığında yerləşən 235 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin kvadratmetrinin satışa təklif olunan ilkin qiyməti 2528 USD təşkil edib. Ən ucuz mənzil isə Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsində qeydə alınmışdır. Ümumi sahəsi 108 kv.m olan 3 otaqlı yeni tikili mənzil bazara 269 USD/kv.m qiyməti ilə təklif edilib.
Ay ərzində təklif qiyməti ən çox artım Binəqədi və Nərimanov rayonlarında müşahidə edilib, azalma isə yalnız iki rayonda, Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Ötən fevral ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar Nəsimi, Yasamal və Xətai rayonları olub. Ilkin mənzil bazarında qiymət indeksi yanvar ayı ilə müqayisədə bu ay 0,05 bənd artaraq 4,15 bəndində qərarlaşıb”, - deyə şirkətin hesabatında vurğulanıb.
Ülviyyə R. Əli
www.oxu.az