May ayında Mədəniyyət və Turizm Nazirliyi daha 3 otelə 5 ulduz verib.
Azərbaycanda otellərə ulduzlar nə üçün verilir və onların tətbiq edilməsinə ehtiyac hansı zərurətdən doğur. Ulduzlar öz ünvanlarına doğrumu çatır?
Oxu.Az bu suallar ətrafında iqtisadçı-ekspertin fikirlərini öyrənib.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ulduzların verilməsinə ehtiyac var, çünki ulduzların tətbiqi otelin keyfiyyətinin göstəricisidir:
“Dünyanın hər bir yerində ulduzların tətbiq edilməsinə ehtiyac var. Çünki ulduzlar otellərin keyfiyyətini göstərir, elədə də onları keyfiyyətini artırmağa stimullaşdırır. Hər bir ulduzun özünün dünya praktikasında nəzərdə tutulmuş standartları var. Həmin standartlarda otellərdə vanna otaqlarının sayı belə nəzərə alınmaqla ulduzların sayı müəyyən edilir”.
Eskpert bildirib ki, nazirliyin son açıqlamalarına görə, daxili islahatlara başlanılıb, xüsusi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub. Amma bununla belə bəzən otellərin keyfiyyəti ilə ulduzların sayı arasında əks mütənasiblik müşahidə edilir:
“Hər bir otel ulduzların sayı çərçivəsində öz işini qurmağa çalışır. Azərbaycanda bir qisim 4 ulduzlu otellərin xidmətləri çox təəssüf ki, dünyada ənənəvi qəbul edilən 4 ulduz otellərin standartlarına cavab vermir və onların xidmətləri səviyyəsində deyil”, - deyə ekspert qeyd edib.
“Xidmət aşağıdır, amma 4 ulduz alır, halbuki bu otelin ulduzu 3-dən artıq deyil. Bəzi hallarda ulduzların doğru verilməməsi təbii ki, ulduzlarının sayının saxta şəkildə artırılması bəzi hallarda otelin keyfiyyəti ilə ulduzların sayı arasında fərqin yaranmasına gətirib çıxarır”, - deyə, iqtisadçı əlavə edib.
Ekspert onu da qeyd edib ki, məsələn xaricdən gələn turist Azərbaycanda 4 ulduzlu otelin xidmət keyfiyyəti haqqında qabaqcaqdan məlumatlı olmalıdır:
“Xaricdən gələn turist 4 ulduzlu və ya 3 ulduzlu otelə gedəndə ona uyğun hansı xidməti alacağını qabaqcadan bilməlidir, amma təəssüf ki, bir çox hallarda gedəndə bəlli olur ki, 4 ulduzlu otel heç də dünya ölkələrində 3 ulduzlu otelinin təklif etdiyi xidmətləri belə təklif etmir”.
V.Bayramov bildirib ki, ulduzların verilməsi vacibdir, amma ulduzların verilməsində nəzarətin gücləndirilməsi, qaydaların təkmilləşdirilməsinə ehtiyac var.
Ekspert həmçinin Azərbaycanda ulduzların sayının azaldılmasını da məqsədəuyğun hesab etmir:
“Ulduzların sayının azaldılmasına ehtiyac yoxdur, çünki qəbul edilmiş beynəlxalq standartlar var. Biz təklif edirik ki, əgər otelin keyfiyyəti 4 ulduzlu otelin verə biləcəyi keyfiyyətə uyğun gəlmirsə, bu halda ona 4 yox, daha aşağı ulduz verilməldir”.
Beş ulduz alan otellərin birindən isə Oxu.Az-a bildiriblər ki, 5 ulduzlu otelə ulduz verilərkən bir sıra detallar nəzərə alınır:
“Beş ulduz - otel üçün ən yüksək kateqoriyalardandır. Otellərin ulduz kateqoriyalarının təyin olunması otel otağının dizaynından tutmuş, bütün rahatlıqları, texniki avadanlığı və təhçizatı, cakuzi, oteldı fəqliyyət göstərən bar və restoranlar, spa mərkəzi, consiyerj xidməti, avtomobilləri parkinqi ilə məşğul olan edən xidmət və sair böyük rol oynayır. Ən vacib amillərdən biri də oteldə göstərilən xidmət səviyyəsi və sairdir”.
Ülviyyə R. Əli
www.oxu.az