Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BP TANAP-dakı payının 25 faizlik qeyri-nəzarət paketini satır
bp Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) 12 faizlik paya sahib olan törəmə şirkəti "BP Pipelines"ın 25 faizlik qeyri-nəzarət paketini "Apollo"ya satır.
Oxu.Az xəbər verir ki, bu barədə bp məlumat yayıb.
Sövdələşmənin dəyəri bir milyard dollar məbləğində qiymətləndirilir.
"Apollo" tərəfindən idarə olunan fondlar bp-nin Azərbaycan təbii qazının Türkiyə üzərindən Avropaya göndərildiyi TANAP qaz kəmərində 12 faiz paya sahib törəmə şirkəti olan "BP Pipelines"da qeyri-nəzarət səhmlər paketinin 25 faizini əldə edəcəklər. Bu sövdələşmədən əldə edilən gəlirlər bp-nin 20 milyard dollar həcmindəki aktivlərin xaric edilməsi proqramının maliyyələşdirilməsinə və digər gəlirlərə yönəldiləcək", - məlumatda deyilir.
Bildirilir ki, sövdələşmə Britaniya şirkətinə TANAP-dakı payını monetizasiya etməyə imkan versə də, tamamlandıqdan sonra "BP Pipelines (TANAP) Ltd"nin nəzarət edən səhmdarı olaraq qalacaq. Sövdələşmənin tənzimləyici orqanların və TANAP səhmdarlarının təsdiqi şərti ilə 2025-ci ilin ikinci rübündə bağlanması gözlənilir.
Xatırladaq ki, Azərbaycan qazının TANAP vasitəsilə Türkiyəyə tədarükü 2018-ci ildə başlayıb. 1 805 kilometr uzunluğunda olan TANAP "Şahdəniz-2" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədlərinə nəql edilməsi üçün nəzərdə tutulub.