"Məqsədimiz Azərbaycanı və bu regionu qarşıdakı onilliklər ərzində dünyasəviyyəli enerji mərkəzinə çevirməkdir".
Oxu.Az xəbər verir ki, bu fikirləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli 31-ci Bakı Enerji Forumu çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı paneldə deyib.
O bildirib ki, bunun üçün lazımi imkanlar var:
"Region zəngin karbohidrogen ehtiyatlarına malikdir. Xəzər hövzəsi və ətraf ərazilər dünyanın ən böyük neft-qaz regionlarından biridir. İkincisi, burada dünyasəviyyəli enerji infrastrukturu yaradılıb. Sahil obyektləri, dəniz qazma qurğuları, Səngəçal terminalı və Qərb bazarlarına çıxışı təmin edən geniş boru kəməri şəbəkəsi ixrac marşrutlarının şaxələndirilməsinə imkan verir. Bu infrastruktur son dərəcə səmərəli fəaliyyət göstərir və etibarlılıq göstəricisi 99 faiz olmaqla sənaye üzrə ən yüksək nəticələrdən birinə malikdir".
Onun sözlərinə görə, Azərbaycanda biznes üçün əlverişli mühit mövcuddur:
"Bu, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin nəticəsidir. Həmçinin ölkə yüksəkixtisaslı insan kapitalına malikdir. Qazma işləri, geologiya, kommersiya fəaliyyəti və mühəndislik sahələrində çalışan mütəxəssislərimiz artıq təkcə Azərbaycandakı layihələri deyil, şirkətin dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi layihələri də dəstəkləyirlər. Məhz bu dörd əsas səbəbə görə hesab edirik ki, Azərbaycan uzun illər ərzində dünyasəviyyəli enerji mərkəzi ola bilər".