Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Daha altı KOB subyektinə "Startap" şəhadətnaməsi verildi
İndiyədək 188 kiçik və mikrosahibkarlıq subyekti Startap şəhadətnaməsi almaqla vergi güzəştlərindən faydalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.
Bildirilib ki, KOBİA tərəfindən daha 6 KOB subyektinə Startap şəhadətnaməsi verilib. Bununla da Startap şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
Startap şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrinin potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, "Professor Rahimov Academic Medical Center" MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq hotellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.
Startap şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri Startap şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi