Cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 milyard 142.4 milyon manat təşkil edib ki, bu da doqquzaylıq proqnozu 675.2 milyon manat və ya 2.4 faiz üstələyib.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 milyard 455.8 milyon manat təşkil edərək, proqnozdan 614.2 milyon manat və ya 5.2 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34.5 milyon manat təşkil edərək, proqnozdan 8.2 milyon manat və ya 31.2 faiz, sair daxilolmalar 563.2 milyon manat təşkil edərək, proqnozdan 304.4 milyon manat və ya 120 faiz, Dövlət Neft Fondundan transfert isə 10 milyard 860.7 milyon manat təşkil edərək, proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edərək, proqnoza qarşı 98.4 faiz, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 480.2 milyon manat təşkil edərək, proqnoza qarşı 73.3 faiz icra olunub.
Dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin doqquz ayı ərzində 24 milyard 668.2 milyon manat məbləğində icra edilib.