Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üzrə büdcə gəlirləri 8 milyard 323.1 milyon manat səviyyəsində proqnozlaşdırılıb. Bu göstərici 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 705.7 milyon manat və ya 9.26% çoxdur.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Fondun əsas gəlir mənbəyini məcburi dövlət sosial sığorta haqları təşkil edir. 2026-cı ildə bu istiqamətdən 6 milyard 591.1 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur. Bu, DSMF gəlirlərinin 79.19%-ni təşkil edir və 2025-ci ilin göstəricisini 9.9% üstələyir.
Proqnozlara əsasən, 2026-cı ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 2 milyard 109.12 milyon manatı (32%) büdcə təşkilatlarının, 4 milyard 481.98 milyon manatı (68%) isə qeyri-büdcə sektorunun payına düşəcək. Müvafiq olaraq bu göstəricilər 2025-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 3.6% və 13.13% artım deməkdir.
Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən daxilolmalar 103.5 milyon manat səviyyəsində proqnozlaşdırılır. Hesablamalar zamanı minimum əməkhaqqının 400 manat, orta aylıq əməkhaqqının isə 2026-cı ildə 1 170.8 manat olacağı əsas götürülüb.
Fondun gəlirlərinin növbəti mənbəyini dövlət büdcəsindən ayrılacaq transfertlər təşkil edir. 2026-cı ildə DSMF-nin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1 milyard 700 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu, 2025-ci illə müqayisədə 100 milyon manat və ya 6.25% çoxdur.
Rəsmi hesablamalara görə, 2026-cı il üzrə dövlətin pensiya öhdəliklərinin ümumi həcmi 3 milyard 613.68 milyon manat olacaq. Bunun 47.04%-i dövlət büdcəsindən ayrılacaq vəsait hesabına maliyyələşəcək.
Hesablamalara görə, 2026-cı ildə DSMF-nin sair gəlirləri 32 milyon manat təşkil edəcək. Bu, əvvəlki illə müqayisədə 2 milyon manat və ya 6.67% artım deməkdir. Sair gəlirlər sosial sığorta qanunvericiliyinin pozulmasına görə hesablanmış faizlər, maliyyə sanksiyaları, digər ölkələrdən daxil olan pensiya vəsaitləri, artıq ödənilmiş sosial haqların bərpası və sanatoriya-kurort xidmətlərindən gələn vəsaitlər hesabına formalaşır.
Məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri son illərdə sabit artım trendini qoruyub saxlayır. 2018-ci ildə 3.7 milyard manat olan ümumi gəlirlər 2026-cı ildə 8.3 milyard manata çatacaq. Artım tempi xüsusilə 2022-2024-cü illərdə daha yüksək olub.