Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2026-cı il üçün xərcləri 8 milyard 483.07 milyon manat məbləğində proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 806.65 milyon manat və ya 10.51% çoxdur.
Oxu.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət sosial müdafiə fondunun 2026-ci il büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Növbəti il üçün əhaliyə ödənişlər 8 milyard 196.45 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da Fondun ümumi xərclərinin 96.62%-ni təşkil edir. Əhaliyə ödənişlər üzrə proqnozlaşdırılan məbləğin 7 992.88 milyon manatı əmək pensiyalarının, 203.57 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Bu, 2025-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 787.51 milyon manat və ya 10.63% artım deməkdir.
Əmək pensiyalarının ödənişi üzrə 2026-cı il üçün nəzərdə tutulmuş xərclər 7 992.88 milyon manatdır ki, bu da əvvəlki illə müqayisədə 10.85% və ya 782.35 milyon manat çoxdur. Hesablamalar zamanı əmək pensiyalarının nominal əməkhaqqının 2025-ci ildə 9.2% artımına uyğun indeksləşdirilməsi (1 101.6 × 100 / 1 009.2 = 109.2%) nəzərə alınıb.