Universitetlərdə ayrıca sığorta sektoru üzrə ixtisaslar yoxdur. Bu sahədə boşluqlar var.
Oxu.Az xəbər verir ki, bu sözləri Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov jurnalistlərə açıqlamasında bildirib.
“Dövlət Xidməti Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birgə çalışır ki, bu boşluğu doldursun. Bu gün ASA-nın nəzdində tədris mərkəzinin formalaşdırılması prosesi gedir” - deyə, o bildirib.
Namiq Xəlilov bildiri ki, sığortalılar çox zaman şikayətlərini doğru ünvana bildirmirlər:
“Azərbaycanda müştərilərin sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı 2013-cü ildə təqdim etdiyi şikayətlərin 33%-i, 2014-cü ildə isə 14%-i əsaslı, qalan hissəsi əsassız və ya mübahisəli olub. Statistika onu göstərir ki, sığorta müqavilələrinin və sığortadan nəsə almağı düşünənlərin sayı artır. Elə bir ölkə yoxdur ki, orada sığortadan şikayət olmasın. İstər Avropa, istərsə də ABŞ-da. Müşahidələr göstərir ki, şikayətlərin bəzilərinin əsasında maarifsizlik durur. Sığortaolunanla şirkət arasında münasibət hüquqi münasibətdir. "İcbari sığortalar haqqında" qanunda sığorta risklərinin arasında yağan qarın ağırlığından yaranan zərər yoxdur. Elə şikayətçi var ki, birdən 20 dövlət orqanına yazır. Bir çox hallarda şikayətlər daha tez şirkətlərin özündə baxıla bilər. Bizdə narazı qalan dərhal dövlət orqanına şikayət yazır. Halbuki birinci şirkətə müraciət edilməlidir”.
DSNX başçısı sığorta ombudsmanı məsələsinə də toxunub:
"Sığorta ombudsmanı o demək deyil ki, istənilən şəxs istənilən vaxt müraciət edə bilər. Birinci şirkətə müraciət edilməlidir. 60 gün ərzində cavab almırsa və ya şirkətin cavabından narazı qalarsa, onda ombudsmana müraciət edə bilər"-deyə, xidmətin rəisi əlavə edib.
Ülviyyə R.Əli
www.oxu.az