Digər ölkələrlə müqayisədə Azərbaycan vətəndaşlarının ödədikləri vergilərin xüsusi çəkisi xeyli azdır.
Oxu.Az xəbər verir ki, bu barədə Exo-ya İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var.
“Bir tərəfdən bu, Azərbaycanda “ikili mühasibatın” olması ilə əlaqədar. Bizim tədqiqatlarımız göstərir ki, bir çox idarələrdə işçilərin real maaşları rəsmi maaşdan təxminən 3 dəfə çoxdur. Digər səbəb isə ondan ibarətdir ki, Azərbaycanda sadələşdirilmiş vergi sistemi tətbiq olunur” – deyə, V.Bayramov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları mal və xidmətlərin alınması zamanı sadələşdirilmiş vergi ödəyirlər. Paytaxtda sadələşdirilmiş verginin məbləği 4%, regionlarda 2% təşkil edir.
“Bundan başqa, vergidən yayınma cəhdləri də var ki, bu da ümumilikdə ödənilmiş vergilərin həcmini azaldır”.
Mərkəz sədrinin rəyinə görə, Azərbaycanda qərb və MDB ölkələri ilə müqayisədə daha az vergi ödəyirlər.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin dünən açıqladığı məlumatlara görə, Azərbaycan vətəndaşları 2013-cü ilin yanvar-iyulunda öz gəlirlərinin 9,3%-ni vergilərin ödənilməsi, sosial sığorta və könüllü üzvlük haqlarına ayırıblar.
Bayramov qeyd edir ki, qərb ölkələrində vətəndaşlar gəlirlərinin təxminən üçdən birini vergilərin ödənilməsinə sərf edirlər.
“Qərb ölkələri ilə müqayisədə MDB-də daha az vergi ödəyirlər. Bu, vergidən yayınma və vergi güzəştləri ilə bağlıdır. MDB vətəndaşları orta hesabla gəlirlərinin 20%-ni vergilərin ödənilməsinə xərcləyirlər. Buna görə də, müqayisə etsək, Azərbaycan vergi yükü baxımından vətəndaşların ən az vergi ödədikləri bir ölkədir”.
Lakin bu müvəqqətidir, V.Bayramov hesab edir.
“Hələlik büdcənin gəlirlərinin yalnız üçdən biri vergi daxilolmaları hesabına formalaşır. Qərb ölkələrində isə dövlət büdcəsinin gəlirlərinin 90%-ni vergi daxilolmaları formalaşdırır. Lakin Azərbaycanda büdcə gəlirlərinin üçdən ikisini neft gəlirləri təmin edir. Buna görə də, hələlik neftin pulları vətəndaşlara sərbəst nəfəs almağa imkan verir və dövləti vergilərin yüksəldilməsi sayəsində büdcənin gəlirlərini artırmaq barədə düşünməyə məcbur etmir. Bununla əlaqədar, neftin hasilatı azaldıqdan sonra Azərbaycanda vergi yükü artmağa başlayacaq” – deyə, V.Bayramov bildirib.
Vergi yükü baxımından dünyada ən ağır vəziyyət Macarıstandadır – bu ölkədə planetdə ən yüksək əlavə dəyər vergisi (ƏDV) (Danimarka və İsveçlə bərabər) tətbiq olunur – 25%. Bundan başqa, Macarıstan vətəndaşlar üçün vergi yükünün ağırlığına görə dünyada ikinci yerdədir – işləyən orta statistik macar qazandığı pulların təxminən 52,6%-ni vergi və sosial yığımlar şəklində dövlətə qaytarır.
Bu göstəriciyə görə Macarıstandan öndə yalnız Belçika qərarlaşıb – bu ölkədə işləyən şəxs qazandığı pulların təxminən 55,6%-ni dövlətə ödəyir. Üçüncü yerdə Almaniya dayanır – 50,7%. Qalan bütün ölkələrdə vətəndaş üçün vergi yükünün səviyyəsi 50%-dən azdır. Düzdür, siyahıda bir o qədər də çox ölkə yoxdur – digər dövlətlər üzrə belə statistika aparılmayıb, yaxud da açıqlanmır. Dövlət tərəfindən vergi yığımlarının yüksək səviyyəsi (40%-dən çox) həmçinin İsveç, Fransa, İtaliya, Finlandiya, Avstriya, Danimarka, Türkiyə, Çexiya, Polşa, Niderland və Slovakiyada (müvafiq olaraq, 4-cü yerdən 14-cü yerədək) müşahidə olunur.