Payız daşınmaz əmlak bazarında canlanma dövrüdür. Belə tendensiya bu il də qalacaq, lakin xırda bir düzəlişlə: əvvəlki illərlə müqayisədə, bu il bazarda mülayim fəallıq olacaq.
Bu barədə Oxu.Az-a “MBA Consulting” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, bu, dünyada dünya siyasətində - son aylar MDB və xaricdə - Rusiyada, Ukraynada, Türkiyədə, Suriyada, Misirdə baş verən hadisələrlə bağlıdır.
“Bu baxımdan biz dünyada enerji daşıyıcıları, xüsusilə də neftin qiymətinin ucuzlaşdığını müşahidə edirik. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması təbii iqtisadi proseslərin nəticəsi olmayıb, Avropa və ABŞ-ın məqsədyönlü siyasətindən irəli gəlir.
Bizim dövlət büdcəmiz əsasən neft satışından əldə olunan gəlirlərlə təmin olunduğu üçün təbii ki, neftin qiymət azalmasının yarada biləcəyi bütün mümkün riskləri minimuma endirmək məqsədilə hökumət və dövlət qurumları hazırlıq görürlər – büdcənin məxaric hissəsini azaldırlar. Bu baxımdan daşınmaz əmlak bazarında da pul kütləsi azalır. Bu isə daşınmaz əmlak bazarına qiymət təzyiqinin zəifləməsi deməkdir.
Daşınmaz əmlak bazarında aktivlik dövlət büdcəsindən daxilolmalar yaxud bazarın özəl seqmentləri hesabına artmayacaq.
Böyük ehtimalla, bu pul vəsaitləri öz ehtiyatlarını “qara gün üçün” saxlayan fiziki şəxslərdən daxil olacaq. Bu pullar bank əmanətlərində saxlamaya deyil, daşınmaz əmlaka yatırılacaq.
Bu pul kütləsi həcminə görə çox böyük olmadığı üçün qiymətlər bugünkü səviyyədə qalacaq, artım istiqamətində 1-2%-lik tərəddüdlər mümkündür, çox yox.
Yay mövsümü ilə müqayisədə payızda daşınmaz əmlak bazarında fəallıq 5-6%-dək artacaq və belə tendensiya növbəti ilin martınadək qüvvədə qalacaq.
Yəni, daşınmaz əmlak bazarında ötənilki yüksək fəallıq müşahidə olunmayacaq.
Xatırladıram ki, ötən rübün sonunda bizdə həm qiymət artımı, həm də fəallığın 10% səviyyəsində artımı müşahidə olunub. Lakin bu ilin sonuna göstəricilər xeyli azalacaq”, - deyə, ekspert bildirib.
Gülnarə Zeynalova
www.oxu.az