Azərbaycan Prezidenti ötən gün dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Fərman imzalayıb.
Bu Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) 3 məsələ ilə bağlı tapşırıq verilib.
Birincisi, komitəyə, bu Fərman qüvvəyə mindiyi gündən Dövlət Proqramına uyğun olaraq, dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar qəbul edilməsi dayandırmaq tapşırılıb.
İkincisi, komitə bu Fərman qüvvəyə mindiyi günədək qanunvericiliyə uyğun olaraq, Azərbaycan prezidenti və ƏMDK tərəfindən qərar qəbul edilmiş, lakin özəlləşdirmə əqdi bağlanmamış dövlət əmlakının özəlləşdirilməsi istiqamətində tədbirlərin görülməsini dayandırmalıdır. Həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Üçuncüsü, bu Fərman qüvvəyə mindiyi günədək Azərbaycan prezidenti və komitə tərəfindən artıq qərar qəbul edilmiş və barəsində özəlləşdirmə əqdi bağlanmış dövlət əmlakının özəlləşdirilməsi prosesini ən qısa müddətdə başa çatdırmalıdır.
Bundan sonra, komitə həmin dövlət əmlakının siyahısını 20 gün müddətində Azərbaycan prezidentinə təqdim etməlidir.
Oxu.Az Prezident Fərmanın detallarını Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı ilə araşdırıb.
“Azərbaycan Prezidenti İlham Əliyevin dövlət əmlakını özəlləşdirməsi ilə bağlı Fərmanı müxtəlif formada şərh olunur. Bəziləri qeyd edir ki, bu Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətləri əlindən alındı. Amma məsələnin bu şəkildə qiymətləndirilməsinin əleyhinəyəm.
Düşünürəm ki, bu özəlləşdirmə proqramını daha da sürətləndirmək və özəlləşdirmə mexanizmlərinin gücləndirilməsi üçün atılmış bir addımdır. Burda qəti fikir bildirməyə tələsmək lazım deyil, çünki Fərmanda Nazirlər Kabinetinə 2 ay müddətinə yeni qanun layihəsinin hazırlanaraq Prezidentə təqdim edilməsi ilə bağlı göstəriş verilib”, - deyə R.Osmanlı qeyd edib.
Onun sözlərinə görə, hazırlanacaq qanun layihəsi bir çox məqamlara aydınlıq gətirəcək:
“Qanun layihəsinin hazırlanması mərhələsi bir çox məqamlara aydınlıq gətirəcək. Konkret olaraq, qanun layihəsinin hazırlanmasına ƏMDK cəlb olunacaqsa, yəqin ki, komitə bu prosesin icrasını (özəlləşdirmə prosesi - red.) özündə saxlayacaq, yəni icra yenə də komitədə qalacaq.
Yox əgər başqa qurumlar cəlb ediləcək, yeni agentliklər yaradılacaq, digər mexanizmlər hazırlanacaqsa, bu halda məsələyə tam olaraq qanun layihəsi tam hazır olandan sonra şərh vermək mümkün olacaq”.
Ekspert vurğulayıb ki, indiki halda, sadəcə ilkin mərhələdə müraciətlərin qəbul olunması və özəlləşdirməyə atılacaq dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı ilkin qərarın qəbulu komitədən alınaraq Prezidentə keçir və burada əsas məsələ Hökumətin dövlət əmlakının özəlləşdirmə siyasəti ilə bağlıdır.
Ekspert vurğulayıb ki, ola bilsin elə bir mütərəqqi bir qanun layihəsi (özəlləşdirmə sahəsində - red.) ortaya qoyulsun ki, bu Azərbaycanda bir sıra dövlət əmlakının özəlləşdirilməsi, özəl sektorun inkişafı istiqamətində inqilabi addım olacaq.
Ülviyyə R. Əli
www.oxu.az