“Yeni inşa edilən bina İstismar Qəbul Komissiyasına təhvil verilmədiyi halda orada yaşamaq qəti qadağandır”.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu sözləri Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, Mənzil Tikinti Kooperativləri (MTK) borc ödəməyən bir və ya iki bina sakininə görə, digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur:
“Buna qanun da yol vermir. İlk qanun pozuntusu buradan başlayır. Qanun pozuntularının zəncirvari halqası olur.
Əlbətdə bir qanun pozuntusu olan yerdə digərləri də qaçılmaz olur. Belə olan halda da yeni tikilən binalarda yaşayan bina sakinləri MTK-ların müəyyən etdiyi komendantların özbaşınalığı ilə qarşılaşırlar.
MTK-ların “ev pulu”nu ödəməyən bir və ya iki bina sakininə görə digərlərini hər hansı bir kommunal xidmətdən məhrum etməyə ixtiyarı yoxdur.
Bu cür qanunsuzluqlardan yeganə çıxış yolu bina sakinlərinin məhkəməyə müraciət etməsidir. Hər hansı bir yeni tikilən binada yaşayan ölkə vətəndaşı qanunsuz olaraq kommunal xidmətdən mərhum edilə bilməz. Binaları elektrik, qaz və su təchizatı ilə üçüncü tərəf olaraq MTK-lar deyil, başqa müəssisələr təmin edir.
Heç bir halda hüquqi cəhətdən komendantların özbaşına bina sakinlərini şəxs və cəm halında ödənişini həyata keçirdiyi kommunal xidmətlərin istifadəsinə qadağa qoymağa səlahiyyəti çatmır”.
“Qanunda birmənalı olaraq yazılıb ki, tikilən binalar İstismar Qəbul Komissiyasına təhvil verilməlidir, sonra mənzillərə çıxarış alınmalıdır, 6 ay müddətində Mənzil Mükiyyətçiləri Müştərək Cəmiyyəti yaradılmalı (MMMC) və Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməlidir.
Daha sonra yaradılan cəmiyyət binanın idarə etmə strukturunu, yığılan “ev pulu”nun miqdarını və qanunla müəyyən edilən digər məsələləri formalaşdırmalıdır.
Bu proseslərin heç biri həyata keçirilmədiyi üçün vətəndaşlar hər addımbaşı qanun pozuntusu ilə üzləşirlər. Bir sözlə, MTK komendantları “bulanıq suda balıq tuturlar”, - o əlavə edib.
U.A.
www.oxu.az