Gürcü media-eksperti Uça Seturi deyib ki, Gürcüstan nə Ermənistan, nə də Azərbaycan üçün internet verilməsinin qarşısını almağa haqqı olmadığını çox gözəl başa düşür.
Oxu.Az xəbər verir ki, bu barədə Media və telekommunikasiya qanunvericiliyi üzrə İnstitutun (IDFI) eksperti Uça Seturi Itel.am-a verdiyi müsahibəsində, Azərbaycan provayderi “Azeronlayn”ın gürcü porvayderi “Caucasus Online”ın 1200 km fiber optik kabeli alması imkanını şərh edərkən bildirib.
“Bu, ilk növbədə Gürcüstana lazımdır. Bu kabel Ermənistana internetin verilməsinə və ondan trafikin alınması üçün nəzərdə tutulub. Bu, heç bir siyasi çaları olmayan biznesdir, Gürcüstan Azərbaycan və Ermənistanın siyasi oyunlarına qarışmır və qarışmağa da hazırlaşmır”, - o qeyd edib.
Gürcü ekspertinin sözlərinə görə, tənzimləyicinin izni olmadan satış etmək mümkün deyil.
“Əgər onlar satılsa belə, alıcının dəqiq hüquq və vəzifələri olacaq. Gürcü bazarı sahibkarlardan asılı olmayaraq hamı üçün açıqdır”, - Uça Seturi əlavə edib.