Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib.
Oxu.Az agentliyə istinadən xəbər verir ki, görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə qeyd edilib ki, “Güzəştli mənzil” sisteminin işində yaranmış problemin həlli məqsədilə Dövlət Agentliyinin təşəbbüsü ilə müvafiq qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib.
Eyni zamanda, “Elektron hökumət” portalı tərəfindən müraciətlər üzrə yüklülüyün paylanması istiqamətində tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb, iştirakçı tərəflərlə birgə müxtəlif xarakterli testlər keçirilib, mümkün problemlər müəyyənləşdirilərək aradan qaldırılıb.
Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi - Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışı 5 sentyabr 2018-ci il, saat 11:00-da başlayacaq və 5 dekabr 2018-ci il, saat 11:00-dək davam edəcək.
L.Ə.
www.oxu.az