Azərbaycanda broyler toyuqları istehsal edən şirkətlər məhsullarına “Halal” standartı verilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Halal” sertifikatlarla bağlı müraciətləri şərh edərkən bildirib.
Komitə sözçüsü şirkətin adını açıqlamayıb.
F.Talıblı həmçinin Qafqaz Müsəlmanları İdarəsinin “Halal” standartı ilə bağlı yaratdığı işçi qrupla əməkdaşlıq imkanları barədə danışıb. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi heyvan kəsimində iştirak edə bilər.
“Onların müraciəti heyvan kəsimi ilə bağlıdır. “Halal” sertifikatı verilməzdən əvvəl təbii ki, QMİ-yə müraciət edəcəyik. Yalnız heyvan kəsimində iştirak etmək şərtilə onların prosesdə olması mümkündür” - deyə F.Talıblı vurğulayıb.
Komitə rəsmisi bildirib ki, QMİ ilə əməkdaşlıq yüksək səviyyədədir.
“Biz kəsim prosesinin “Halal” standartının tələblərinə uyğunluğunu, islam qaydalarına riayət edilib-edilmədiyini müəyyən etmək üçün onların ekspertlərini dəvət etməyə hazırıq. Amma nəzərə alaq ki, “Halal” sertifikatı verilən 4 müəssisədə istifadə edilən heyvanların kəsimi xaricdə gerçəkləşir və bizim də ekspertlər xaricdə monitorinqlər aparır”.
Xatırladaq ki, bu günə kimi “Halal” sertifikatı 4 şirkət alıb: “Hakan Foods” FF Co. LTD müəssisəsi - “Kral” və “Yeni dad” nişanlı məhsullar; “Səhliyalı” kiçik müəssisəsi - “Min bərəkət, halal nemət” nişanlı məhsullar; “M T” LTD firması - “Hacı Turqay” nişanlı məhsullar; “Zəhmət Ruzi” MMC - “SAB” nişanlı məhsullara artıq sertifikat verilib.
“Digər şirkətlərdə yoxlamalar aparılır və sertifikat veriləcəksə, bununla bağlı açıqlamalar olacaq”, - F.Talıblı deyib.