“Sığorta haqqı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Sığorta baza paketinə, sığorta məbləğinə gəlincə, o qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə məhz pilot rayonlar üçün baza paketi təsdiqlənib: “Fevral ayından etibarən pilot rayonlarda icbari tibbi sığorta tətbiq olunur. Həmin icbari tibbi sığortanın əsasında biz ilin sonunda baza zərfinə müəyyən dəyişikliklər etməyi nəzərdə tutmuşuq. Bu da təcrübə əsasında ediləcək”.
Onun sözlərinə görə, qanunvericilikdə sığorta haqları ilə bağlı dəyişiklik olunmalıdır: “Yəni bizim qanunvericilikdə hazırda bu qeyd olmadığına görə bu, tətbiq olunmur. Sığorta haqqının açıqlaması hələlik mediaya verilmir. Çünki hazırda biz öz maliyyə mənbələrimizlə bağlı təklifləri Prezident Administrasiyasına təqdim etmişik. Eyni zamanda, Prezident Administrasiyası da həmin sənədlə bağlı aidiyyəti qurumlarla müəyyən müzakirələrə başlayıb. Müzakirələr bitdikdən sonra sənəd artıq Milli Məclisə göndəriləcək. O zaman artıq biz açıqlaya bilərik”.
L.Ə.