“Azərbaycan Mərkəzi Bankının (AMB) pul-kredit siyasəti ilə bağlı mövqeyi məqbuldur və onu daha da yumşaltmazdan əvvəl ehtiyatlı olmaq tövsiyə olunur”.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “IMF-nin yaradılması haqqında” Sazişinin IV maddəsinə uyğun olaraq fondun Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun 2023-cü ilin noyabr ayında Bakıda keçirdiyi məsləhətləşmələrin nəticələrinə dair hesabatında deyilir.
“İnflyasiya hədəf diapazonuna qayıdıb, Mərkəzi Bank 2021-ci ilin ortalarından 2023-cü ilin may ayına qədər 275 bənd həcmində sərtləşdirmədən və ehtiyat tələblərini artırdıqdan sonra 2023-cü ilin noyabrında faiz dərəcələrini endirib. Bununla belə, xarici və daxili amillərin yaratdığı inflyasiya riskləri qalmaqdadır. Beləliklə, növbəti yumşaltmaları nəzərdən keçirməzdən əvvəl vergi-büdcə siyasətinin sərtləşdirilməsinə, gəlirlərin və əməkhaqqı artımının yavaşladılmasına, eləcə də ərzaq qiymətlərinə mənfi təsir edəcək xoşagəlməz şokların olmamasına ehtiyac var”, - IMF-dən bildirilib.
Valyuta Fondunun iqtisadçıları hesab edirlər ki, AMB pul siyasətinin transmissiya mexanizmini gücləndirməyə davam etməlidir:
“Yeni əməliyyat sisteminin işə salınması və likvidliyin daha da azaldılmasına yönəlmiş sonrakı səylər alqışlanır və uçot dərəcəsindən banklararası məzənnəyə keçidin yaxşılaşmasına səbəb olub. Bankların kredit faizlərinə təsirini gücləndirmək üçün əlavə səylərə ehtiyac var, çünki bu, təkmil proqnozlaşdırma və kommunikasiya ilə yanaşı, orta və uzunmüddətli perspektivdə daha çox məzənnə çevikliyi və hibrid inflyasiya hədəfləmə rejimi üçün yol açmağa kömək edəcək”.
Onların fikrincə, pul-kredit siyasətini daha da yumşaltmadan əvvəl son deflyasiyanın davam etdiyinə əmin olmaq lazımdır:
“İnflyasiya sürətlə azalır və AMB bu yaxınlarda faiz dərəcələrini aşağı salıb. Amma pul-kredit siyasətinin daha da yumşaldılmasından əvvəl ehtiyatlı olmaq lazımdır. İnflyasiyanın aşağı düşməsinin əsas hərəkətverici qüvvəsi olan xarici amillər tez bir zamanda geri dönə bilər. Genişləndirici fiskal siyasət və dayanıqlı əməkhaqqı və gəlir artımı fonunda daxili tələb təzyiqi güclü olaraq qalır. Hibrid inflyasiya hədəflənməsinə keçidi sürətləndirmək üçün pul-kredit siyasətinin transmissiya mexanizminin gücləndirilməsi davam etdirilməlidir”.
IMF-də hesab edirlər ki, ortamüddətli perspektivdə Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonunda qalacaq. Yüksək neft qiymətləri ilə dəstəklənən xarici mövqenin müsbət ticarət balansı və valyuta ehtiyatlarının davamlı yığılması səbəbindən güclü qalacağı proqnozlaşdırılır.
“Perspektiv üçün risklər ümumilikdə balanslaşdırılmış şəkildə qalır, lakin xarici qeyri-müəyyənlik yüksəkdir. Ukraynada müharibənin kəskinləşməsi, İsrail və Qəzzadakı münaqişə karbohidrogenlərin qiymətlərinin və onlara tələbatın artmasına səbəb ola bilər ki, bu da ixracın və büdcə gəlirlərinin artmasına səbəb olacaq. Amma bu, ərzaq təhlükəsizliyinin azalması və inflyasiya riskləri yaradaraq, ərzaq qiymətlərinin artmasına da səbəb ola bilər. Qlobal tənəzzül Azərbaycanın ticarət şərtlərinə mənfi təsir göstərə bilər və ticarət tərəfdaşlarının zəif iqtisadiyyatları və daha dərin geoiqtisadi parçalanma ilə yanaşı, perspektivdə də təsir göstərə bilər. Baza proqnoz üçün daxili risklər protsiklik fiskal siyasətdən, dövlət müəssisələri tərəfindən yaranan fiskal risklərdən və kənd təsərrüfatı istehsalına, ərzaq təhlükəsizliyinə və inflyasiyaya təsir göstərə biləcək ekstremal iqlim hadisələrindən yaranır. Digər tərəfdən, Ermənistanla sülh sazişi potensial olaraq regionda ticarəti artıra bilər.
Amma inflyasiya riskləri həm potensial xarici şoklar, həm də güclü daxili tələbin davam etməsi səbəbindən qalmaqdadır. Perspektiv ilə bağlı risklər ümumilikdə balanslaşdırılmış, lakin yüksək olaraq qalır və yüksək qeyri-müəyyən xarici hadisələri əks etdirir”, - hesabatda deyilir.
IMF-nin proqnozlarına görə, 2024-cü ildə ölkədə orta illik inflyasiya 4,7%, 2025-ci ildə 5%, 2026-cı ildə 4,5%, 2027-28-ci illərdə 4% təşkil edəcək. İstehlak qiymətləri indeksinin (dövrün sonunda) 2024-25-ci illərdə 5%, 2026-28-ci illərdə isə 4% artacağı gözlənilir.
2023-cü ildə Azərbaycanda inflyasiya 8,8% olub. Bu göstərici 2022-ci ildə 13,9% təşkil edib.