"Fitch Ratings" agentliyi tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin növbəti qiymətləndirilməsi həyata keçirilib.
Oxu.Az İKZF-yə istinadən xəbər verir ki, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi ölkə reytinqinə bərabər "BBB-/Stabil" səviyyəsində təsdiq edilib.
Agentliyin mövqeyinə görə, fondun reytinqinin ölkə reytinqinə bərabər "BBB-" səviyyəsində (proqnoz "stabil") təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqələrin olması, əhalinin əlverişli şərtlərlə mənzillə təmin edilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinin asanlaşdırılması yolu ilə biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyət kəsb etməsi ilə bağlıdır. Agentlik fondun qeyri-kommersiya missiyasına baxmayaraq, onun maliyyə dayanıqlılığını, aktivlərinin keyfiyyətini, məqbul likvidlik mövqeyini xüsusi qeyd edib.
"Fitch Ratings" agentliyi 2009-cu ildən etibarən fondun fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir və onun müstəqil kredit reytinqini açıqlayır.