Dövlət Gömrük Komitəsi bu ilin beş ayı üzrə ölkəyə ən çox idxal və ixrac olunan məhsulların statistikasını açıqlayıb.
Oxu.Az xəbər verir ki, cari ilin əvvəlindən ölkəyə 526,529.52 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu da 2016-cı ilin 5 ayının idxalına nisbətən 6.81 faiz artım deməkdir.
Ət idxalı artıb, buğda azalıb
Beş ayda ölkəyə 29,446.90 dollar dəyərində - 19,964.54 ton ət gətirilib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ət idxalı 191 faizə qədər artıb.
Digər məhsullardan süd 77, kərə yağı 4, meyvə-tərəvəz 1, çay 20, şəkər 16, tütün və tütün məmulatlarının idxalı isə 10 faiz artıb.
Əvəzində buğda idxalı 39 faiz azalıb. Bu ilin beş ayında ölkəyə 342,618.18 ton buğda gətirilib. 2016-cı ilin müvafiq dövründə bu rəqəm 556,594.92 ton olub.

Qaz ixracı 5 dəfəyə qədər artıb
İxraca gəlincə, xam neft dominantlığını qoruyub. Xam neft ölkənin ümumi ixracının 72,59 faizini təşkil edib. Belə ki, hesabat dövründə 8,072,518.52 ton xam neft ixrac edilib. 2016-cı ilin ilk 5 ayının ixracına nisbətən xam neft ixracı 35 faiz artıb.
Azərbaycan həmçinin 3,097,742.36 min kub metr təbii qaz, 393,413.39 min kVt/saat elektrik enerjisi,345,173.80 ton neft məhsulları (2710 mal kodu üzrə) ixrac edib. Ümumi ixracda təbii qazın payı 11,58 faiz olub. Beləliklə, ixrac edilən təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,83, dəyəri isə 6,11 dəfə artıb.
Qeyri-neft məhsullarının ixracının sturukturunda isə 2016-cı ilin ilk 5 ayı ilə müqayisədə meyvə-tərəvəz ixracında 34, çayda 54, şəkərdə 4 faiz artım müşahidə edilib.

L.Ə.