Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu il fevralın 1-nə olan vəziyyətə ölkədə vaxtı keçmiş kreditlərin məbləği 557.5 milyon manat təşkil edib. Qeyd olunub ki, bu, yanvarın 1-i ilə müqayisədə 6.3% çoxdur. Vurğulanıb ki, ölkədə problemli kreditlərin məbləği son bir ildə isə 17.35% artıb.
Həmçinin yanvarın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib. Bu nisbət ötən ilin sonuna 1.6%, ötən il yanvarın sonuna isə 1.6% olub.
Sözügedən məsələ kredit faizlərinin yüksək olduğunu gündəmə gətirir.
Bəs, faizləri tənzimləmək mümkündürmü və bu yöndə hansı addımlar atıla bilər?
Məsələ ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, problemli kreditlərin həcminin artması arzuolunan deyil.
O vurğulayıb ki, problemli kreditlər bank sektorunun inkişafına əngəl törədir:

"Banklar kredit siyasətində, eyni zamanda müştəri seçimində bəzi məsələlərə diqqət yetirməlidir. Hazırda üç milyondan artıq vətəndaşın istehlak krediti var. Bunun həcmi son dövrlərdə də artıb. Bu da nəticə etibarilə problemli kreditlərin miqdarına təsir edir. 2025-ci ilin yekunlarına əsasən, ölkədə istehlak kredit portfeli 9 milyard 354 milyon manat olub. Qeyd olunan rəqəm yetərincə yüksəkdir. Faizlərin yüksək olması problemlərin əsas səbəblərindən biridir. Vətəndaş götürdüyü krediti ödəməkdə çətinlik çəkir. Banklar da vətəndaşlara kredit verərkən onun ödəmə qabiliyyətini tam şəkildə yoxlamalıdır. Digər tərəfdən şəxs kreditə müraciət edən zaman bankların faiz dərəcələrini daha dərindən araşdırmalıdır".
Deputat bildirib ki, faiz dərəcələrini isə bazar müəyyən edir:
"Amma AMB müəyyən alətlərdən istifadə etməklə dərəcələrin azalmasına təsir edə bilər. Liberal və demokratik ölkələrdə faiz dərəcələri inzibati yolla müəyyənləşdirilmir. Lakin fərqli alətlər var. Daha ucuz vəsaitlərə çıxış imkanının artırılması, mərkəzləşdirilmiş kredit resurslarının faiz dərəcələrinin aşağı salınması kredit faizlərinin də azalmasına gətirib çıxaracaq. AMB tərəfindən bu istiqamətdə fəaliyyətin genişlənməsinə ehtiyac var ki, bununla da kredit faizlərində azalma müşahidə oluna bilər".
Məlik Məlikov