Litvanın Baş İnzibati Məhkəməsi Rusiyanın “Qazprom” şirkətini 35,6 mln. avro cərimələyib.
Oxu.Az xəbər verir ki, bu barədə BNS-ə istinadən TASS məlumat yayıb.
“Məhkəmə Rusiyanın “Qazprom” qaz şirkətini 35,6 milyon avro cərimə edib. Cərimə “Qazprom”un 2004-cü il tarixli razılaşmanı pozaraq “Lietuvos energija” şirkəti ilə qaz mübadiləsinə dair müqaviləni imzalamaqdan imtina etdiyinə görə tətbiq edilib”, - qərarın mətnində deyilir.
Beləliklə, məhkəmə Litva Rəqabət Şurasının “Qazprom” şirkətinin cərimələnməsinə dair 2014-cü ilin oktyabrında qəbul etdiyi qərarını qüvvədə saxlayıb.
Litva Rəqabət Şurası 2014-cü ilin iyununda etiraf edib ki, “Qazprom” 2013-2015-ci illərdə “Lietuvos energija” şirkəti ilə qaz mübadiləsinə dair sazişi imzalamaqdan imtina edərək, adı çəkilən şirkətin digər qaz tədarükçüləri ilə saziş imzalamasına əngəl törədib. Bununla “Qazprom” “Lietuvos dujos” şirkətinin səhmlərinin 34 faizinin əldə edilməsinə dair Litva Rəqabət Şurasının 2004-cü il tarixli razılığının şərtlərini pozmuş olub.
N.O.
www.oxu.az