“Lukoyl”un törəmə firması – “Lukoyl-Nijnevoljskneft” Xəzər dənizinin Rusiya sektorunda 810 milyon ton şərti yanacaq aşkarlayıb. Perspektivli strukturların 2015-2017-ci illərdə işlənməsinə 22 milyard rubl ayırmağı düşünürlər.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, “Lukoyl-Nijnevoljskneft” Xəzər dənizinin Rusiya sektorunda geniş təhlil aparıb. Ümumi metrajı 52 km olan onlarla quyu qazıldıqdan sonra “Lukoyl”un törəmə firması 810 milyon ton şərti yanacaq olan karbohidrogen resurslu 14 perspektivli struktur aşkar edib.
“Lukoyl-Nijnevoljskneft”in rəhbəri Nikolay Lyaşko qeyd edib ki, aşkar edilmiş strukturlar dərin qazmaya hazırlanır.
Xəzərin 2014-cü ildə tədqiqində 4 milyard rubla yaxın sərmayə yatırılıb. 2015-2017-ci illərdə şirkətin rəhbərliyi 22 milyardı mənimsəməyi planlaşdırır.
Ümumilikdə Xəzər dənizinin Rusiya sektorunda səkkiz karbohidrogen xammalı aşkar edilib. Onların summar ehtiyatı 1,6 milyard tondan ibarətdir.