Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Baku TV-nin "Rəsmi cavab" verilişində ölkədə tətbiq edilən aqrar islahatların və subsidiya mexanizmlərinin sahənin inkişafına necə təsir göstərdiyini şərh edib. Nazir vurğulayıb ki, hazırkı strategiyanın əsas məqsədi köklü dəyişikliklərə nail olmaqdır.
O bildirib ki, aqrar sahə üzrə müəyyən bir strategiya üzərindən davam edilir. Bu strategiyanın ana məqsədi kənd təsərrüfatında köklü dəyişikliklərə nail olmaqdır.
"Köklü dəyişiklik dediyimiz ekstensiv əkin üsulundan, ekstensiv becərmə üsulundan, intensiv və innovativ becərmə üsullarına keçidə nail olmaqdır".
Nazir bu keçidə üstünlük verilməsinin səbəbini açıqlayaraq, əsas fokusun məhsuldarlığın artımına yönəldiyini bildirib. O, sovet dönəmindən qalma "daha çox əkək" yanaşmasından uzaqlaşmağın vacibliyini qeyd edib.
"Hazırda daha çox əkək deyil, daha çox məhsul alaq məntiqi ilə yanaşırıq və daha az resursla - daha az gübrə, toxum, işçi qüvvəsi, texnika ilə - daha çox məhsul almağa yönəlik siyasət həyata keçiririk ki, məhsuldarlıq bizim üçün daha önəmlidir".
Nazir bu mexanizmlərin təsirinin son illərdə ciddi şəkildə göründüyünü vurğulayıb. Eyni zamanda, bəzi istiqamətlərdə əkin sahələrinin azalmasının insanları narahat edə biləcəyini qeyd edib, lakin məhsuldarlığın artmasının tutulan yolun və işlədilən mexanizmlərin düz olduğunu bildirib.
O, ətraf mühit faktorunu da önə çəkib:
"Daha çox sahə əkmək o deməkdir ki, daha çox suya ehtiyac var. Lakin daha az, amma daha məhsuldar əkinlərdə isə istər-istəməz ətraf mühit resurslarını da daha effektiv qorumuş oluruq".
Məcnun Məmmədovun sözlərinə görə, bütün bu dəyişikliklərin kökündə fermerin gəlirlilik səviyyəsi durur.
"Əlavə dəyər yaradan bitkilərin əkilməsinə nail olmağa çalışırıq ki, fermerin gəlirləri yüksəlsin və onlar öz əkin sahələrindən bir il ərzində yetərincə gəlir əldə edə bilsinlər. Onların marağı olsun - öz sahələrini genişləndirsinlər, məhsuldarlığın artımına nail olsunlar".