Bu il ölkədə qiymətlərin sabitliyi təmin edilib, inflyasiyanın səviyyəsi qoyulmuş hədəf çərçivəsində saxlanılıb. Dünya İqtisadi Forumuna görə, Azərbaycan dünyada ən aşağı inflyasiyaya malik 7 ölkədən biridir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə yaydığı bəyanatda deyilir.
Bildirilib ki, qeyri-neft sektorunda ikirəqəmli artım, yüksək istehlak və investisiya tələbinə baxmayaraq, 2013-cü ilin 11 ayında orta illik inflyasiya cəmi 2,3% təşkil edib. Dünya ərzaq qiymətlərində artımın səngiməsi, pul təklifinin məqbul templi artımı və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə qalmasında mühüm amillərdir. Yerli istehsal hesabına ölkədə ərzaqla təminat səviyyəsinin yüksəlməsi də qiymətlərə sabitləşdirici təsir göstərir. İstehlak səbətində əhəmiyyətli paya malik ərzaq malları üzrə inflyasiya cəmi 2,2% olub.
Vurğulanıb ki, orta illik baza inflyasiyasının (0,7%) ümumi inflyasiyadan 1,6 faiz bəndi aşağı olması onu göstərir ki, qiymət artımında monetar amillərin rolu aşağıdır. Cari ilin dekabrında Tarif Şurasının bəzi məhsulların tariflərinə etdiyi dəyişikliklərə baxmayaraq, 2013-cü ilin sonuna orta illik inflyasiyanın proqnoz çərçivəsində qalacağı gözlənilir. Son bir ildə ölkənin xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya daxili inflyasiyadan 2 faiz yüksək olub.
İlin sonuna daxili inflyasiyanın MDB, inkişaf etməkdə olan ölkələr və dünya üzrə gözlənilən orta inflyasiya templərindən aşağı olacağı proqnozlaşdırılır. Məzənnənin sabitliyi şəraitində inflyasiyanın tərəfdaş ölkələrdəki inflyasiya ilə müqayisədə aşağı olması qeyri-neft sektorunun rəqabət (qiymət) üstünlüyünün qorunmasında mühüm rol oynayıb.