Azərbaycan Mərkəzi Bankının (AMB) sterilizasiya tədbirlərinə baxmayaraq, 2016-cı ildə Azərbaycanda pul kütləsi ötən ilə nisbətən artıb.
Oxu.Az-ın məlumatına görə, AMB-dən Fins.az-a verilən məlumata görə, bu ilin oktyabr ayında ümumi pul kütləsi 7 milyard 448,9 milyon manat olub.
Nağd pul kütləsi artıb
Aybaay qeydə alınan artımın səbəbləri də maraqlıdır. Məsələn, sentyabrda bu rəqəm 6 milyard 810,3 milyon manat təşkil edib. Böhranın ilk ili hesab olunan 2015-ci ilin oktyabrında isə ölkədə pul kütləsi 7 milyard 55,9 milyon manat olub.
Bu il dövriyyədə olan nağd pul kütləsi də artıb. Belə ki, 2016-cı ilin oktyabrında dövriyyədə olan nağd pul kütləsi 6 milyard 290,9 milyon manat olub. Bir il əvvəl - 2015-cı ilin oktyabrında isə bu rəqəm 5 milyard 994,9 milyon manat təşkil edib.
Bahalaşma, inflyasiya
Ekspertlər isə pul kütləsinin artmasını təbii hal hesab edirlər. İqtisadçı-ekspert, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının Risk ekspertləri qrupunun sədri Elman Sadıqov Mərkəzi Bankın dövriyyədən manat kütləsini yığmaqla bağlı səylərinin davam edəcəyini bildirib.
Artımın səbəblərinə gəlincə, ekspert hesab edir ki, burada iqtisadi böhranın təzahürləridir. Belə ki, ölkədə inflyasiya gedir, nəticədə ərzaq səbəti bahalaşıb. Yəni, insanların indi gündəlik ehtiyaclarını ödəmək üçün daha böyük manat kütləsinə ehtiyacı var.
Həmçinin cüzi də olsa, əməkhaqlarında artım müşahidə edilir. Üstəlik, dolların kursunun qalxması nəticəsində mübadilə zamanı verilən manat ekvivalenti də yüksəlib. Yəni, devalvasiyalardan əvvəl 1 dollar 78 qəpik idi.
Hazırda 1 dollar mübadilə nəticəsində 1 manat 83 qəpik təşkil edir: “Bu vəziyyətdə pul kütləsinin çox olması təbiidir və əslində bu həcm daha yüksək olmalı idi”.
U.A.
www.oxu.az