Bu gün Naxçıvan şəhərində ilk dəfə “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyidir.
Forumda dörd yerli və iki xarici spikerin iştirakı ilə “Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir”, “Bacarıq əmək bazarının cövhəridir” və “Dövr elə bu dövrdür” mövzularında üç panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi olacaq.
Forumda dövlət və özəl sektor nümayəndələrinin, karyera məsləhətçilərinin, təlimçilərin, insan resursları üzrə mütəxəssislərin, inkişaf mentorlarının və sahibkarların iştirakı nəzərdə tutulub. Tədbirin məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşdırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.