"Xəzər dənizi regionumuz üçün su ehtiyatlarının azalması çərçivəsində çağırışların ən aydın nümunələrdən biridir".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişikliyi çağırışları: Xəzər dənizi nümunəsi" adlı müzakirələr zamanı deyib.
O bildirib ki, Xəzərin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq yalnız gələcəyə dair proqnoz mövzusu deyil, bu gün müşahidə edilən reallıqlarıdır:
"Sahil xəttinin geri çəkilməsi, sahilyanı zonaların dəyişilməsi, ekosistemlərin və yaşayış areallarının daralması, Xəzər su iti və nərə balıqları kimi qiymətli növlər üçün yaranan risklər bu prosesin ekoloji nəticəsidir. Eyni zamanda, bu dəyişikliklərin təsiri yalnız ətraf mühitlə məhdudlaşmır. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına, şəhərlərə, infrastruktura, nəqliyyata, limanların fəaliyyətinə və bütövlükdə sahilyanı iqtisadi fəaliyyətdə ciddi təsirlər göstərə bilir. Bu isə öz növbəsində gələcək investisiya və inkişaf planlarının iqlim riskləri nəzərə alınmaqla yenidən qiymətləndirilməsini zəruri edir".
Onun sözlərinə görə, bu prosesin səbəbləri və nəticələri milli sərhədlərdə məhdudlaşmır:
"İqlim dəyişiklikləri ilə yanaşı antropogen amillər və mövcud risklər gücləndirilir. Buna görə də Xəzərin gələcəyinə dair effektiv yanaşma yalnız milli səviyyədə atılan addımlara məhdudlaşa bilməz.
Xəzər ortaq su hövzəsidir və onun qorunması, ekoloji dayanıqlığın təmin edilməsi və qarşıya çıxan çağırışlara uyğunlaşma bütün Xəzəryanı dövlətlərin birgə səylərini tələb edir. Bu baxımdan elmi tədqiqatların nəticələrinin siyasət və qərarların hazırlanması prosesinə daha səmərəli inteqrasiyası, su səviyyəsində baş verən dəyişikliklərin və mümkün gələcək ssenarilərin daha aydın şəkildə qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır".