Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) 2013-cü ilin yekunları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat ARDNF-nin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, 2013-cü il ərzində Neft Fondunun büdcə gəlirləri 13 mlrd. 600,5 milyon manat, büdcə xərcləri isə 12 mlrd. 302,7 milyon manat təşkil edib. Beləliklə, ARDNF ötən ilin sonuna 1 mlrd. 297,8 mln. manat məbləğində profisit əldə edib.
Hesabata görə, 2013-cü il ərzində Dövlət Neft Fondu gəlirləri bu mənbələrdən alıb:
Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri - 13 mlrd. 119,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından - 13 mlrd. 108,0 milyon manat, akrhesabı ödənişlər - 1,8 milyon manat, tranzit gəlirləri - 8,1 milyon manat, bonus ödənişləri - 1,9 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən – 100 min manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 milyon manata bərabər olub.
Həmçinin alınan məlumatda valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəlirinin 43,0 milyon manat təşkil etdiyi deyilir.
2014-cü il yanvarın 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 mlrd. 129,4 milyon ABŞ dolları) nisbətən 5,1% artaraq 35 mlrd. 877,5 milyon ABŞ dollarına bərabər olub.
2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 yanvar 2014-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az