Dövlət Neft Fondu 2018-ci il üzrə gəlirliliyinin aşağı olmasına və bununla bağlı Hesablama Palatasının açıqlamasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Fondun rəsmi açıqlamasına görə, 2018-ci ildə səhm bazarları həddən artıq dəyişkən olub.
Brexit ətrafında yaranmış gərginlik, Çinin iqtisadi artım dinamikasının zəifləməsi, ABŞ-ın Federal Ehtiyat Sisteminin apardığı faiz dərəcəsi siyasəti barədə təşvişlərin artması kimi amillər də birbaşa səhm bazarlarında aşağı gəlirliliyə öz mənfi təsirini göstərib.
Açıqlamaya görə, qlobal səhm bazarlarında mövcud olan bu vəziyyət DNF-nin də 2018-ci il üzrə investisiya portfelinin lokal valyutada gəlirliliyinə təsir göstərib. Qeyd edilən dövr üzrə Neft Fondunun investisiya portfelinin lokal valyutada gəlirliliyi 0,35% olub.
Dövlət Neft Fondu bildirib ki, qanunvericiliyə uyğun olaraq Hesablama Palatası tərəfindən hər il fondun büdcə layihəsinə, habelə büdcəsinin icrası barədə hesabata rəy verilir. Eyni zamanda, Hesablama Palatası tərəfindən mütəmadi olaraq fondun audit tədbirləri həyata keçirilir və rəylər, audit hesabatları Palatanın internet səhifəsində yerləşdirilir.
“Eyni zamanda nəzərə çatdırırıq ki, Hesablama Palatası tərəfindən ARDNF-nin 2018-ci il büdcəsinin icrasına dair analitik fəaliyyət üzrə tədbir keçirilib və bu tədbirin nəticələri qısa zamanda açıqlanacaq”, - deyə məlumatda vurğulanır.
İlhamə Abdullayeva