Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin noyabr ayının 1-nə 1 milyard 375,6 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 5,66% və ya 73,7 milyon manat çoxdur.
Oxu.Az-ın məlumatına görə, APA Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ilə müqayisədə oktyabrda problemli kreditlərin həcmi 221,7 milyon manat və ya 13,9% azalıb.
Hesabat dövründə milli valyutada 8 milyard 509,5 milyon manatlıq kredit verilib ki, bunun da 632,3 milyon manatının və ya 7,43%-nin ödəmə vaxtı gecikir.
Bu müddətdə xarici valyutada 7 milyard 310,5 milyon manatlıq kredit verilib. Xarici valyutada problemli kreditlərin həcmi 743,3 milyon manat və ya 10,2% təşkil edir. Ümumiyyətlə, manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 45,9%, xarici valyutada isə bu göstərici 54,03% təşkil edir.
Onu da qeyd edək ki, oktyabrda vaxtı keçmiş kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi 8,7% təşkil edir. Xatırladaq ki, sentyabrda bu göstərici 9,51% olub.
U.A.
www.oxu.az