Pərviz Heydərov yazır...
Ölkə iqtisadiyyatında artımın neft-qaz sektoruna görə azalması qeyri-neft-qaz sektorunu daha sürətlə inkişaf etdirməyi tələb edir. Çünki qeyd etdiyim sektorlar arasında disbalans o qədər böyük, dərin xarakter daşıyır ki, həm dövlət büdcəsinin həcminin artması tempini, həm də ölkə üzrə mövcud iqtisadi sabitliyi və təhlükəsizliyi qoruyub saxlamaq üçün tələb olunan tarazlığı və yaxud balansı əldə etməyə hələ çox var. Bundan ötrü həm kompleks və köklü sərt islahatlar, həm də böyük məbləğdə investisiyalar həyata keçirmək lazımdır.
Ümumiyyətlə, müstəqillik əldə etdikdən sonra "yerindən bilavasitə neft hesabına hərəkət əldə etmiş və start götürmüş" hər hansı bir ölkə iqtisadiyyatının dinamikasını, inkişaf sürətini birdən-birə məhz qeyri-neft sahələrinin oxu üzərinə ötürmək, başqa sözlə, yeni "oksigen balonuna" transfer etmək əslində, qeyri-mümkün məsələdir.
Təkrar edirəm ki, buna vaxt lazımdır.
İstənilən iqtisadi inkişaf dinamikası isə satışa və ixraca bağlıdır. Neft iqtisadiyyatımızı ona görə qaldırdı və inkişafımıza səbəb oldu ki, biz onu xaricə satırıq, ixrac edirik, valyutaya çevirə bilirik. Ona görə ki, enerji daşıyıcısı üzrə xammaldır, hazır resursdur.
Bəli, onu emal da edib sata da bilərik, satırıq da. Lakin xammalı bundan yaxşı və operativ reallaşdırmaq olur. Çünki, emal üçün müvafiq və tələb olunan səviyyədə infrastruktur olmalıdır.

Qeyri-neft sektoru üzrə də belədir. Ümumiyyətlə, xammalı realizə etmək emal məhsulundan daha asan və rahatdır.
Bir arada ölkəmizdən qeyri-neft sektoru üzrə ixrac azalmışdı. 2025-ci ilin yanvar-dekabr aylarında ölkəmizin qeyri-neft sektoru üzrə isə ixrac, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.5% artaraq 3.6 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixracın 18.4% artaraq 1.2 milyard ABŞ dollarına bərabər olduğu qeydə alınıb.
Ötən ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57.4%, meyvə-tərəvəz 27.4%, alüminium və onlardan hazırlanan məmulatlar 24.2%, pambıq iplik 19.3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.
2025-ci ilin yanvar-dekabr aylarında aqrar məhsullar üzrə ixrac 26.7% artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314.7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18.9% artaraq 1.3 milyard ABŞ dolları təşkil edib.
Qeyd olunan rəqəmlər üzrə göstəricilər olduqca müsbət əhəmiyyət kəsb edir. Əvvəlki şərhlərimdə qeyri-neft sektoru üzrə ixracın azalmasını Ukrayna-Rusiya müharibəsi ilə əlaqələndirmişdim. Qeyd etmişdim ki, ölkəmizdən qeyri-neft-qaz məhsullarının ixracının azalmasına zəmin yaradan məhz qeyd olunan müharibənin yaratdığı fəsadların, konkret desəm eyni bazardan asılı olmağımızın nəticəsidir. Və bu, özünü nə vaxtsa təzahür etdirməli idi, etdirir də.
Söhbət bazar sarıdan alternativsizlikdən gedirdi. Qeyd etmək istədiyim sadəcə o idi ki, biz, qeyri neft-qaz sektoru üzrə şaxələnmiş bazar imkanlarına sahib deyilik. Xüsusən də kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz üzrə. Bu isə çox ciddi mənfi haldır.
Sözügedən sektorun inkişafı bir nömrəli prioritet seçilən ölkədə isə ixrac bazarlarının sayının çox olması və bu sahədə alternativlik, nail olunması ən vacib məsələlərdən sayılmalıdır.
Ümumiyyətlə, iqtisadi artımda ən dayanıqlı hərəkətverici qüvvə bəlli olduğu kimi xırda istehsalçılar, fərdi təsərrüfatlardır ki, bizdə isə qeyd etdiyim kontingentdə olanlar Rusiyanı ən əlverişli və alternativsiz bazar sayıblar həmişə... Qeyri-neft-qaz sektorunun inkişafı prioritet seçildikdən sonra da vəziyyət eyni olaraq qalmaqda davam edib.
Son iki ildir sözügedən bazar öz səmərəlilik səviyyəsini itirib və meyvə-tərəvəz satışı üçün də əvvəlki kimi effektiv sayılmır. Vəziyyət elə idi ki, ölkəmizdən kənd təsərrüfatı məhsulları və meyvə-tərəvəz ixracı sahəsində mövcud tənəzzülün qarşısının alınacağı, bu prosesin səngiyəcəyi, tezliklə əks tendensiyanın start götürəcəyi gözlənilmirdi.
Belə bir fonda 2025-ci ilin yanvar-dekabr ayları ərzində yuxarıda qeyd etdiyim kimi, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının 18.9% artaraq 1.3 milyard ABŞ dolları təşkil etməsi böyük nəticədir.
Ümumiyyətlə, neft-qaz sektoru məhsullarının ixracda payı yüksək olduğundan, onun azalması fonunda qeyri-neft-qaz sektoruna daxil məhsulların ixracı gərək azalmasın, artsın. Yeri gəlmişkən, artım olsa da belə, onun sürəti neftdən və qazdan əldə etdiklərimizi qısa müddətə əvəz etmək iqtidarında deyil.
Ona görə də alternativ bazar imkanlarının olmasının nə dərəcədə vacib olduğu bir daha üzə çıxır. Həm də ki, qeyri-neft-qaz sektoru üzrə bəlli bir artım tempi, sürəti və imkanı vardır.
Yeri gəlmişkən, 2026-cı ildə qeyri-neft-qaz sektorunun ÜDM-də real artım sürətinin 5% olacağı proqnoz edilib ki, "Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"na əsasən bilavasitə cari il ərzində qeyri-neft ixracının 2021-ci illə müqayisədə 85% artmasına nail olmaq qarşıya hədəf kimi qoyulub.