Pərviz Heydərov yazır...
Ölkə iqtisadiyyatı son 15 il ərzində üç dəfədən çox artıb və bu artım, əsasən, neftin hesabına baş verib. Və bu da təbiidir. O baxımdan ki, inkişaf əldə etmək üçün mütləq nəyəsə sahib olmalısan və yaxud nəsə istehsal etməlisən. Torpaqlarına təcavüz olunan, müharibə şəraitində olan ölkəmizin isə təbii resurslarından başqa heç nəyi yox idi, sovet dövründən qalma istehsal da dağılmışdı. Odur ki, Allahın bizə neməti olan neftə söykənməkdən başqa çarəmiz yox idi.
Ancaq biz neftdən təkcə gəlir əldə etmək üçün istifadə etmədik, iqtisadiyyatı gələcəkdə şaxələndirmək məqsədilə çox mühüm və böyük özül addımlar atdıq. Belə ki, dövlət başçımız da qeyd etmişkən, neft gəlirlərinin qeyri-neft sektoruna yönəltmək istiqamətində çox böyük uğurlar qazanmaqla, dünya miqyasında təbii resurslarla zəngin ölkələr sırasında qeyri-neft sahəsində gəlirlər əldə edə bilmək sahəsində ön sıralara çıxa bildik.
“Təsadüfi deyil ki, biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı kimi ən aparıcı beynəlxalq maliyyə qurumu qiymətləndirir və biznes mühitinin səviyyəsinə görə biz dünyada 25-ci yerdəyik, 20 ən islahatçı ölkə arasındayıq.
Eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumu illik hesabatında Azərbaycanı bir çox meyarlar üzrə qabaqcıl yerlərə layiq görüb. Bütün bunlar aparılan islahatların nəticəsidir”, - deyə dövlət başçımız qeyd edib.
Sözüm bunda deyil. Ancaq dövlət başçımız da istər oktyabrın 15-də yanında keçirdiyi iqtisadi müşavirədə, istərsə də hökumətdə etdiyi kadr dəyişiklikləri ilə əlaqədar qəbul etdiyi şəxslərlə söhbət zamanı qeyd etdi ki, qeyri-neft sektoru bu gün ölkə iqtisadiyyatının hələlik lokomotivi deyil. Bunu ixracın strukturu da sübut edir.
Belə ki, ümumilikdə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın 75,79 faizini xam neft və bitumlu minerallardan alınan neft məhsulları, 12,18 faizini təbii qaz, 2,33 faizini isə digər neft məhsulları təşkil edib ki, ötən ilin eyni aylarında isə bu rəqəmlər uyğun olaraq 81,18 faiz, 7,2 faiz və 2,98 faiz olmuşdu.
Odur ki, Prezident yuxarıda qeyd etdiyim qəbullar zamanı və həmçinin oktyabrın 15-də yanında keçirdiyi iqtisadi müşavirədə bildirdi ki, əsas vəzifə qeyri-neft sektorunu inkişaf etdirmək və məşğulluğu artırmaqdan ibarətdir.
“Bunun da çox sadə səbəbi var. Müstəqillik günündən bu günə qədər Azərbaycan əhalisi təxminən 3 milyon artıb. Bu, həm böyük üstünlüyümüzdür, böyük sərvətimizdir, eyni zamanda, ölkə iqtisadiyyatına, o cümlədən, infrastruktura və sosial infrastruktura böyük yükdür”, - deyə dövlət başçısı vurğulayıb.
Bəs qeyri-neft sektorunun inkişafı sahəsində vəziyyət, ümumiyyətlə, hazırda nə yerdədir?
Dövlət büdcəsi gəlirlərində, həmçinin, ÜDM istehsalı səviyyəsində onun payı nə qədərdir?
Azərbaycan əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə olunan gəlirlərə əsaslana və yaxud arxalana bilərikmi?
Bayaq yazdım ki, təkcə cari ilin yanvar-sentyabr ayları ərzində ixracımızın ümumən 90,3 faiz hissəsini neft-qaz və neft məhsulları təşkil edib. Dövlət büdcəsi gəlirlərində 2019-cu ilin ilk altı ayı ərzində mədaxil 10405,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz və yaxud 590,2 milyon manat çox edib.
Vergilər Nazirliyi tərəfindən 3632,8 milyon manat vəsait daxil olub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz və ya 250,3 milyon manat çox deməkdir. Həmin vəsaitin 70,1 faizi və yaxud 2245,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 318,8 milyon manat vəya 14,3 % çoxdur.
2019-cu ilin ilk altı ayında ayında Dövlət Gömrük Komitəsi xəttiylə isə dövlət büdcəsinə 2065,2 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27,6 faiz və yaxud 446,2 milyon manat çox demək olub. Yeri gəlmişkən, göstərilən müddətdə Dövlət Neft Fondundan dövlət büdcəsinə 4413,0 milyon manat vəsait transfert edilib.
Qeyri-neft sektorunun hələlik istənilən səviyyədə inkişaf etməməsində bir sıra amillər əsas rol oynayır. Bunlardan birincisi odur, qeyri-neft sahələrinə investisiya çox az qoyulur, xüsusən də özəl və xarici investisiyalar sarıdan.
Bu sferada təkcə dövlət investisiyası hesabına isə hər şeyə nail olmaq çətindir. Ona görə də dövlət başçısı da qeyd etmişkən, müvafiq güzəştlər, subsidiyalar verilsə də, texnikalar alınsa da, infrastruktur layihələr həyata keçirilsə də, dövlət investisiya xərcləri kifayət qədər yüksək səviyyədə olsa da, artım tələb olunan rəqəmlər səviyyəsində deyil.
İkincisi, bank sektoru qeyri-neft sektorunu maliyyələşdirməkdə faktiki olaraq iştirak etmir.
Ölkədə banklar ancaq istehlak kreditləri verməklə məşğuldurlar ki, bununla da yerli deyil, dolayısı ilə xarici istehsalçıları dəstəkləyirlər. Üçüncüsü isə, biznes fəaliyyəti, təşəbbüskarlıq, bazar amilləri qarşılıqlı əlaqədə deyil və bunun üçün müvafiq şərait yoxdur. Ona görə ki, ortada inhisarçılıq, rəqabətin, həmçinin, savadlı sahibkarlar sinfinin olmaması və sair kimi nüanslar mövcuddur.
Yeri gəlmişkən, Prezident də qeyd etdi ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır.
“Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”, - deyə dövlət başçısı bildirib.
Bəli, qeyri-neft sektorunun inkişafı ümumi iqtisadi siyasətdə növbəti illərdə də əsas prioritetlərdən biri olacaq. Lakin inkişafı sürətləndirmək üçün yuxarıda qeyd olunan amilləri mütləq aradan götürmək lazımdır.
Gələn il ərzində ölkədə ÜDM-in real iqtisadi artımı 3,0 faiz olmaqla, 83,3 milyard manat, o cümlədən, qeyri-neft üzrə ÜDM-in artımı 3,8 % olmaqla 54,6 milyard manat olmalıdır.
Ümumiyyətlə, 2023-cü ilədək ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə çatacağı gözlənilir.
Gələn ilin dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdıracaq. Hesab edirəm ki, ölkə əhalisinin sosial müdafiəsinin təşkilində qeyri-neft sektorundan əldə edilən gəlirlərə o vaxt tam şəkildə əsaslanmaq və yaxud arxalanmaq mümkün olacaq ki, onun ÜDM istehsalı strukturunda payı 80 faizdən, dövlət büdcəsi gəlirlərinin tərkibində isə 60 faizdən yuxarıya çatsın.
Bunun üçün isə qeyri-neft məhsulları ixracı da bu günki 1/10 hissədən heç olmasa 4/10 hissəyə qədər genişlənməlidir.