Aprelin 4-də Neftçala rayonunun Birinci Qaralı kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
SOCAR-ın məlumatına görə, 219 abonenti olan Birinci Qaralı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 19 389 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 219 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran Rövnəq Abdullayev bildirib ki, uzun müddət təbii qaz almayan yaşayış məntəqələri sürətli templərlə “mavi yanacaq”la təmin olunur. SOCAR prezidenti respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.