İyunun 25-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunun Mərdəkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 2460 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 122 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
Oxu.Az xəbər verir ki, bunu Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.
Onun sözlərinə görə, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 818 investisiya layihəsinin maliyyələşdirilməsinə 175,5 milyon manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5900-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Qeyd edək ki, Mərdəkan qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 29 sahibkarlıq subyektinə 753,5 min manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, un məmulatları, boya, lak istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 60-a yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
Tədbir çərçivəsində həmçinin, Xəzər rayonunun Zirə qəsəbəsində güzəştli kredit ayrılmış zeytunçuluq təsərrüfatına baxış keçirilib.
Gülnarə Zeynalova
www.oxu.az