"Müstəqillik tariximizin ən böyük büdcə zərfi olan 2026-cı ilin büdcə layihəsinin müzakirəsi müasir dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış Zəfərimizin beşinci ildönümünə təsadüf edir. Bu qələbə Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti, dövlət və ordu quruculuğunda ardıcıl islahatlar, eləcə də iqtisadi və maliyyə imkanlarımızın səmərəli səfərbər edilməsi nəticəsində əldə olunub. Bu gün təqdim edilən büdcə layihəsi də məhz Zəfərdən rifah cəmiyyətinə aparan inkişaf strategiyasının maliyyə təminatıdır".
Oxu.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, növbəti ilin büdcə layihəsi tarixi Zəfərə gətirib çıxaran yolun davamı kimi təqdim olunur:
"Uzunmüddətli makroiqtisadi dayanıqlılığın əsas şərtlərindən olan strateji valyuta ehtiyatlarının 82.5 milyard dollara çatması və xarici dövlət borcunun ÜDM-in cəmi 6%-nə bərabər olması iqtisadi siyasətin səmərəliliyinin və islahatların nəticələrinin daha bir göstəricisidir. Xüsusi vurğulamaq lazımdır ki, həyata keçirilən çoxşaxəli islahatlar beynəlxalq reytinq agentlikləri tərəfindən də qiymətləndirilir və "Fitch"dən sonra "Moody`s" agentliyi də bu il Azərbaycanın suveren kredit reytinqini investisiya dərəcəsinə yüksəltdi".
S.Babayev əlavə edib ki, dövlətin artan imkanları sosial təminatın gücləndirilməsinə və ölkəmizin sosial rifah dövləti mövqeyinin möhkəmlənməsinə şərait yaradıb:
"Ölkə başçısının təşəbbüsləri nəticəsində 2025-ci ildə beşinci sosial islahat paketi reallaşdırıldı, minimum əməkhaqqı, minimum pensiya, müavinət və təqaüdlərin məbləğləri artırıldı. Bütün bu islahatlar Prezidentin əhalinin, xüsusilə sosial həssas qruplara aid vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına göstərdiyi diqqətin növbəti təzahürüdür".
Məhərrəm Əliyev