Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Seymur Adıgözəlov: "Azad edilmiş ərazilərdəki sənaye parklarında 15-dən çox müəssisə tikiləcək"
"Bu il İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu müəssisələr innovativ inşaat materiallarının, tütün məmulatlarının, yük avtomobillərinin və s. məhsulların istehsalı ilə məşğul olacaq. Fəaliyyətə başlayacaq müəssisələr tərəfindən təqribən 1 000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bu fikirləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.
Sədr bildirib ki, Prezidentin 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb:
"İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metalların emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpaolunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatının istehsalı nəzərdə tutulur.
Həmçinin yaxın vaxtlarda Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti yaradıldıqdan sonra investorlar parka cəlb ediləcəklər. Naxçıvan Sənaye Parkında da rezidentlər, ölkəmizdə mövcud digər sənaye parklarında olduğu kimi, gömrük, vergi güzəştlərindən yararlana biləcəklər".
S.Adıgözəlov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən sənaye parklarına investorların cəlb edilməsi istiqamətində, yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər sürətlə davam etdirilir:
"190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70%-ə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük SP hesab edilir. İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, dörd sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2 400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb. İşəgötürmə prosesində Ağdam və ətraf rayonlardan olan əhaliyə üstünlük verilir. Hazırda Ağdam Sənaye Parkında doqquz müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı edilib.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının isə hazırda 16 rezidenti və iki qeyri-rezidenti var. Bu 18 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkına ümumilikdə 130 milyon manatdan çox investisiyanın yatırılması, 1 800-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Bu günədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 29,6 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb. Parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib.
Hazırda işğaldan azad edilmiş ərazilərdə mövcud sənaye parklarında 15-dən çox müəssisənin tikintisi istiqamətində işlər aparılır. Cari ildə Ağdam və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarında tütün məmulatlarının, dekorativ daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı müəssisələrinin fəaliyyətə başlaması, plastik taraların, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklərin istehsalı müəssisələrinin təməlqoyması planlaşdırılır".
Məhərrəm Əliyev
"İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA)" teqi üzrə xəbərlər
- Sədr: "2023-24-cü ildən məzun olmuş tələbələrin 65,4%-nin məşğulluğu təmin edilib"
- Çin şirkəti Azərbaycanda elektrik avtobusları istehsal edəcək
- İdarə Heyətinin sədri: "2024-cü il ərzində isə 44 milyon manatdan artıq vəsaitə qənaət ediblər"
- Seymur Adıgözəlov: "2600-dən çox daimi iş yerinin yaradılması planlaşdırılır"
- Sədr: "Sənaye zonalarında 15.4 milyard manatlıq məhsul satışı həyata keçirilib"