2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 102,55 milyon manatı və ya 74,1%-i qeyri-həyat sığortasının payına düşüb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, 2014-cü ilin eyni dövrünə nisbətən qeyri-həyat sığortası bazarı 17,5% böyüyüb.
Bu barədə Oxu.Az-a ASA-dan məlumat verilib.
Məlumata görə, qeyri-həyat sığortası üzrə yığımların təxminən 33,5%-i və ya 34,3 milyon manatı tibbi sığortanın, 14,8%-i və ya 15,2 milyon manatı avtomobillərin icbari sığortasının, 9%-i və ya 9,3 milyon manatı daşınmaz əmlakın icbari sığortasının, 7,4%-i və ya 7,6 milyon manatı kasko sığortasının, 6,9%-i və ya 7,1 milyon manatı əmlakın yanğından və digər risklərdən sığortasının, yenə də 5,6%-i və ya 5,7 milyon manatı hava nəqliyyatı vasitələrinin sığortasının, qalan 22,8%-i və ya 23,35 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
“3 ay ərzində sığorta ödənişlərinin 79,7%-ni və ya 28,51 milyon manatını qeyri-həyat sığortası təşkil edib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Qeyri-həyat sığortası üzrə ödənişlərin 42%-i və ya 11,96 milyon manatı tibbi sığortanın, 25,5%-i və ya 7,26 milyon manatı avtomobillərin icbari sığortasının, 21,6%-i və ya 6,16 milyon manatı kasko sığortasının, qalan 10,9%-i və ya 3,13 milyon manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.
Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,8 manatı ödəniş edilib. 2014-cü ilin yanvar-mart aylarında bu göstərici 30,5 manat olub” - deyə, ASA-nın məlumatında deyilir.