"Əgər biz yeni texnologiyalardan, süni intellektdən, avtomatlaşdırmadan səmərəli istifadə etməsək, rəqabət qabiliyyətimizi həm fərdi və şirkət səviyyəsində, həm də cəmiyyət və dövlət səviyyəsində ciddi şəkildə itirəcəyik".
Oxu.Az xəbər verir ki, bu fikirləri SOCAR-ın prezidentinin sağlamlıq və əməyin mühafizəsi üzrə müşaviri Məmməd Əlizadə Bakıda Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə baş tutan III Sənaye Təhlükəsizliyi Zirvəsində panel müzakirəsi zamanı çıxış edərkən deyib.
O, süni intellektin yaradacağı risklər barəsində də danışıb:
"Ən ciddi təhlükələrdən biri odur ki, insanlar tam avtomatlaşdırılmış, süni intellekt əsasında çalışan sistemlərə həddindən artıq etibar edib, qərarvermə prosesindən kənarda qala bilərlər. Bu, real bir riskdir. İnsanlar bu sistemlərə inanaraq qərar qəbul etmə funksiyasını onlara ötürməkdən çəkinməyə bilərlər, halbuki çəkinməlidirlər".
Onun sözlərinə görə, hər bir qərarın arxasında məsuliyyət və hesabatlılıq dayanır:
"Əgər süni intellektin verdiyi bir tövsiyə nəticəsində hansısa uyğunsuzluq, hadisə və ya risk yaranarsa, sual ortaya çıxacaq: bu nəticəyə necə gəlinib? Heç kim cavab olaraq deyə bilməz ki, "sorğu göndərdim, filan sistem belə dedi, mən də belə etdim". Bu, nə dövlət qurumları, nə qanunvericilik, nə də etik çərçivələr tərəfindən qəbul edilə biləcək cavab deyil".
Elmidar Əliyev