"Bu gün qlobal iqtisadiyyat dərin struktur dəyişiklikləri dövründən keçir və belə bir şəraitdə İslam maliyyəsinin rolu daha da əhəmiyyət qazanır".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci illik toplantısı çərçivəsində baş tutan "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda deyib.
O bildirib ki, ticarətdə artan parçalanma və yüksələn qeyri-müəyyənliklər adaptiv və inklüziv maliyyə sistemlərinin qurulmasını zəruri edir:
"Risklərin bölüşdürülməsi və etik prinsiplərə əsaslanan yanaşması ilə İslam maliyyəsi bu sistemlərin formalaşmasına töhfə verə biləcək praktik alətlər təqdim edir".
O qeyd edib ki, İslam maliyyəsinin tətbiqi mərhələli şəkildə genişləndiriləcək: "İslam maliyyəsi alətlərinin tətbiqini genişləndirmək məqsədilə Mülki Məcəlləyə, Vergi Məcəlləsinə və maliyyə qanunvericiliyinə dəyişikliklər hazırlanır. Məqsəd ənənəvi və İslam maliyyəsi arasında bərabər və neytral tənzimləmə mühitinin formalaşdırılmasıdır. Bazar iştirakçılarının mövcud hazırlıq səviyyəsini nəzərə alaraq, ilkin mərhələdə "İslam pəncərəsi" modelinin tətbiqinə üstünlük vermişik. Sonrakı mərhələdə isə bazar tələbatını qiymətləndirərək tammiqyaslı tətbiqlə bağlı qərar qəbul ediləcək".
T.Kazımov qeyd edib ki, eyni zamanda, tənzimləyici "sandbox" mexanizmindən fəal istifadə edirlər: "Hazırda iki bank öz məhsullarını bu platformada uğurla sınaqdan keçirir və proses Azərbaycan Mərkəzi Bankının nəzarəti altında həyata keçirilir".
Daha çox foto burada: PhotoStock.az