2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 751 təlim təşkil olunub.
Oxu.Az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərini və regionları əhatə edən təlimlər KOB-ların ehtiyaclarına uyğun olaraq, satış, marketinq, mühasibatlıq, işçi heyətinin idarəedilməsi, brendləşmə, biznesdə innovasiyaların tətbiqi, biznes-planın hazırlanması, layihələrin idarəolunması, yaşıl iqtisadiyyat və digər mövzuları əhatə edib. Agentliyin videotəlim platformasında yerləşdirilmiş onlayn təlim videolarından, təlim materialları və özünüqiymətləndirmə testlərindən isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.
Ötən il KOBİA tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 340 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.
Agentlik 2025-ci ildə kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 288 biznes-planın hazırlanmasına dəstək verib.
Ümumilikdə, 2025-ci ildə KOBİA-nın KOB subyektlərinin biznes biliklərinin və bacarıqlarının artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən yeddi mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. Bu dəstək və xidmətlər canlı və onlayn rejimdə olmaqla, tamamilə ödənişsiz təqdim edilib.
