Pərviz Heydərov yazır...
Azərbaycan da daxil olmaqla, bu gün bütün neft hasilatçısı olan, başqa sözlə, dövlət gəlirləri bilavasitə xam neft və qaz satışından asılı ölkələr dünya bazarlarında qiymətlərin nə vaxt bərpa olunacağını gözləyirlər ki, bu sahədə nəinki yaxın və orta perspektivdə, hətta uzaq gələcəkdə belə müsbət heç bir proqnoz verilmir. Son bir neçə il idi ki, neft bazarında sabitlik hökm sürürdü və bilavasitə Brent markalı neftin 60 ABŞ dolları ətrafında “rəqs etməsi” hamı üçün sərfəli idi. Yəni həm neft hasilatçısı olan ölkələr üçün, həm də alıcılar üçün.
Hətta qiymətlərin bir az bahalaşacağını gözləyənlər də vardı. Buna məhz OPEC+ ölkələrinin öz qərarlarında yekdilliyi davam etdirəcəklərinə inam əsas yaradırdı. Çünki neftin qiymətinin 2016-cı ilin ikinci yarısından etibarən sabitləşməsini məhz sözügedən qərar təmin etmişdi. Ancaq nə yazıq ki, bu qərarın bir az da sərtləşdirilərək, yəni hasilat həcmlərinin daha artıq həddə azaldılaraq uzadılacağı gözlənildiyi halda, əvvəlki razılıq belə pozuldu. Özü də elə bir dönəmdə ki, bu, əsla yolverilməz sayılırdı.
Belə ki, koronavirusa görə neftə tələbat hər yerdə enmişdi.
Bax, bu iki neqativ halın üst-üstə düşməsi neftin qiymətinin hələ uzun müddət 40 dollardan aşağı səviyyədə qalacağı qorxusunu yaradır. Hətta qiymətlərin 30 dollardan aşağı düşəcəyi barədə proqnoz verənlər də var.
Ancaq bir məsələ var ki, gəlirləri əsasən neftdən asılı ölkələrin mövcud vəziyyətə immuniteti hər birində müxtəlif səviyyədə olsa da, heç birində sonsuz deyil. Və dünya bazarlarında qiymətlərin bir “aşağı həddi” vardır. Bundan əlavə, qlobal iqtisadiyyat vahid mexanizm şəklindədir, onun bütün elementləri bir-birinə elə sıx inteqrasiya olunub ki, neftin uzun müddət ucuz səviyyədə qalması ABŞ-ın özündə belə hasilata zərbə vuracaq.
Bundan əlavə, 2014-2016-cı illəri yada salmaq istərdim. Səudiyyə Ərəbistanı özü həmin illərdə neftin ucuzlaşmasından 100 milyardlarla dollar ehtiyat itirdi. Əks təqdirdə, Ər-Riyadı heç nə məcbur edə bilməzdi ki, OPEC+ ölkələri çərçivəsində hasilatı aşağı salmaq barədə razılığa gəlsin. Əslində, bu sözügedən ölkənin müttəfiqi olan ABŞ-ın istəyinin əleyhinə idi və Vaşinqton məhz buna görə onu sonradan heç də az tənqid etmədi.
Sözüm bunda deyil. İndi Səudiyyə başda olmaqla, demək olar ki, əksər iri neft hasilatçısı olan ölkələr ucuz xammal təklif edir. Belə çıxır ki, bir azdan neftə heç yaxın duran olmayacaq, yəni onu almaq istəyən tapılmayacaq. Çünki dünya iqtisadiyyatı sürətlə uçuruma doğru yuvarlanır. Qlobal iqtisadiyyatda tələb sürətli şəkildə və bütün sahələr üzrə üzü aşağıya doğru getməkdədir. Hətta turizm sahəsində indiyədək dünyada belə bir böhranlı vəziyyətin yarandığı müşahidə olunmayıb. Söhbət dünya üzrə elə bir sahədən gedir ki, gəliri 5,7 trilyon ABŞ dollarına çatır. Dünya əhalisinin nə az - nə çox, düz 10 faizi - 319 milyon nəfər bu sahədə çalışır.
O cümlədən, iri istehsal sahələri fəaliyyətlərinə ara verir.
Deməli, vəziyyət, əslində, belədir: hal-hazırda neftin dünya bazar qiymətlərinin 40 ABŞ dollarından aşağı düşməsi faktından çox turist axının azalacağı, paralel olaraqsa Çin və İran məhsullarının idxalının aşağı düşəcəyi və alış-verişin də enəcəyi ilə əlaqədar yaranan vəziyyət baxımından, ölkəmizin real iqtisadi durumu ilə bağlı daha çox təhdidlər mövcuddur...
Bu, daxili bazarda istehlak qiymətlərinin real vəziyyətinə daha çox təsir göstərəcək ki, ümumən, dünya bazarlarında neftin qiymətinin enməsi amilinin 2015-2016-cı illərdəki qədər ölkə iqtisadiyyatına təsir etmək gücü, əslində, yoxdur.
Demək istədiyim budur ki, dövlət gəlirlərimiz yenə də əsasən neft gəlirlərindən asılı olsa da, 4-5 il bundan əvvəlkindən fərqli olaraq, dünya bazarlarındakı qiymət səviyyəsindən nisbətən daha az asılı vəziyyətdə sayılırıq.
Əvvəla, neftin dünya bazar qiymətlərinin birbaşa dövlət büdcəsinə heç bir təsir imkanı yoxdur. İkincisi də, neft amilinin büdcəmizdə rolu 2015-2016-cı illərlə müqayisədə nisbətən enmiş vəziyyətdədir. Başqa sözlə, qeyri-neft sektorunun gəlirləri artıb.
Üçüncüsü, ötən ildən etibarən ölkədə vergi siyasəti və mexanizmi dəyişib. Bunun nəticəsində, neft-qaz sektorundan kənar dövlət büdcəsinə çatacaq vəsaitlərin toplanması və yığım həcmində əhəmiyyətli dərəcədə artım əldə olunub. Belə ki, 2019-cu il ərzində vergi və gömrük xidməti orqanları tərəfindən nəzərdə tutulduğundan əlavə olaraq 1 milyard manatdan artıq vəsait cəlb olunub.
Dövlət başçımız da qeyd edib ki, bu, sosial sahədə həyata keçirilən islahatlar, yəni artımlar üçün əlavə imkanlar yaradıb. Ona görə də, kölgə iqtisadiyyatına qarşı tədbirlər davam etdiriləcək.
Sözüm bunda da deyil, ondadır ki, daxili istehlak bazarında bahalaşma ola bilər. Və ilk dəfə olaraq, mövcud istehlak indeksi səviyyəsi manatın ucuzlaşması, devalvasiya nəticəsində deyil, tələb və təklifin real nisbətinə əsasən yüksəliş göstərə bilər.
Hansı ki, bu, çox ciddi təhdiddir!...
Qeyd edim ki, neftin qiymətinin ucuzlaşmasına və buna bahəm, manatın ucuzlaşmasına görə, bahalaşma bundan az təhlükəlidir.
Çünki bu zaman bərk ayaqda hökumət əhalinin maaş və pensiya artımlarına gedir. Bahalaşma sırf olaraq daxili bazarda tələləbin təklifi üstələməsi fonunda ortaya çıxdığı halda isə hökumət buna getməyə risk etməyəcək, ən azı o səbəbdən ki, neftin qiyməti aşağıdır və bu üzdən dövlət gəlirlərimiz azalmış vəziyyətdədir.
Yəni ən azı, bu dərhal baş verməyəcək.
Odur ki, neftin ucuzlaşmasından o qədər də narahat olmağa dəyməz. Uzaq başı, bunu hökumət kompensasiya edəcək. Təhlükə daxili istehlak bazarında yaranacaq vəziyyətlə bağlıdır.
Ucuz Çin və İran məhsulları çox şeyləri "ört-basdır" edirdi...